2014-cü ildən başlayaraq UNİCEF-in dəstəyi ilə Azərbaycanda İnkişafın Dəstəklənməsi və İzlənməsi (İDİR) üzrə Beynəlxalq Rəhbərliyin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu və Bakı Bərpa Müalicə Mərkəzi ilə birgə fəaliyyətlər həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində İnstitutun pediatriya, nevrologiya və ailə təbabəti kafedralarının 2017-2018-illər üçün təkmilləşdirmə proqramlarında Azərbaycanda uşaqlara yardım göstərən tibb işçilərinin (pediatr, uşaq nevroloqları, ailə həkimləri) İDİR-dən istifadəsinə dair təlimlərin keçirilməsi yer almışdır.Həmin təlimlərin Azərbaycanın şəhər və rayonlarında səyyari keçirilməsi artıq özünü doğrultmuşdur.
Artıq bir neçə belə təlim tədris ilinin əvvəlindən hal-hazıra qədər keçirilmişdir.Növbəti təlim dekabr ayının 8-9 tarixində Lənkəran şəhərində Mərkəzi rayon xəstəxanasında Lənkəran, Masallı, Astara və Lerik rayonlarda fəaliyyət göstərən həkim-pediatrlar, nevroloqlar, psixoloqlar üçün baş tutmuşdur. Təlimcilər Ə.Əliyev adına pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova, nevrologiya kafedrasının assistenti Mehriban Məmmədova və ailə təbabəti kafedrasının əməkdaşı Səidə Əliyeva idi.Təşkil olunan təlimdə 32 həkim iştirak etmişdir.
2 gün ərzində keçirilən təlimdə pediatrlara İDİR-in fəlsəfə və konsepsiyası, istifadə etmək yolları təqdim olunmuşdur. Təlim iştirakçılarına kliniki təcrübədə İDİR-in istifadəsinin uşaqlar üzərində həyata keçirmək imkanı yaradılmışdır. Təlimin sonunda həkimlər, İDİR-in uşaqlarda inkişaf çətinliklərini erkən aşkarlamaq üçün rahat bir alət olduğunu vurğulayaraq, onu öz işlərində istifadə edəcəklərini söyləmişlər.