26-29 oktyabr 2016-cı il tarixində Hindistanın Heydərabad şəhərində Dünya İnsult Təşkilatının hər iki ildən bir keçirdiyi Dünya İnsult Konfransı baş tutmuşdur. Konfransda 5000-dən artıq nevroloq, neyrocərrah və radioloq iştirak etmişdir.Ölkəmizi həmin konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasının assistenti t.ü.f.d. Rahim Əliyev təmsil edirdi.
Ənənəvi olaraq konfransda beyin qan dövranının pozulmaları haqda yeniliklər geniş həkim auditoriyasına çatdırılır. Konfrans zamanı insultun epidemiologiyası, kəskin işemik insultların müalicəsinə yeni yanaşmalar, insult zamanı cərrahi müalicənin təşkili, insultun risk amillərinin yayılması, arterial hipertenziya və insult, venoz sinus trombozları və s. mövzularda seksiyalar təşkil edilmişdir. Eyni zamanda konfransın müvafiq bölmələrində müasir protokolların müzakirəsi təşkil edilmiş, insultun müalicə və profilaktikasına yeni yanaşmalar dinlənilmişdir. Konsfransda Avropa İnsult Assosiasiyası və Dünya İnsult Təşkilatının təşkil etdiyi birgə sessiyada Azərbaycanda insult problemi müzakirə edilmiş və 2017-ci ildə Azərbaycan nevroloqlarının 6-cı konfransı çərçivəsində Azərbaycanda insultların epidemiologiyası və yayılmasının öyrənilməsi məqsədilə seminarın keçirilməsi qərara alınmışdır. Qeyd edək ki, 2015-ci ildə Qlazqoda keçirilən Avropa İnsult Konfransında bir sıra ölkələrdə insultun yayılması barədə birgə tədqiqatların aparılması qərarı verilmişdir. Bu qərar çərçivəsində Azərbaycanda aparılan tədqiqatlar Ə.Əliyev adına ADHTİ-nin sinir xəstəlikləri kafedrasının müdiri, professor, ə.e.x. Rəna Şirəliyevanın rəhbərliyi ilə həyata keçirilir.