Litvanın Sağlamlıq Elmləri Universiteti əməkdaşları ilə görüş keçirildi

20.10.2016

    Litvanın Kaunas şəhərində yerləşən Sağlamlıq Elmləri Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər zamanı Səhiyyə Nazirliyində, Azərbaycan Tibb Universitetində olan qonaqlar 18 oktyabr 2016-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov və universitetin digər rəhbər şəxsləri ilə görüşüblər.
    Görüşdə çıxış edən Litva Sağlamlıq Elmləri Universitetinin beynəlxalq əlaqələr və marketinq mərkəzinin dekanı professor Jilvinas Padayqa təmsil etdiyi universitet haqqında məlumat verdi. O bildirdi ki, universitetlərində səhiyyənin müxtəlif ixtisasları üzrə kadrlar hazırlanır. Burada eyni zamanda həkimlərin və ali tibb müəssisələri müəllimlərinin də təkmilləşdirilməsi kursları vardır. Sonra professor çıxışında Litva Sağlamlıq Elmləri Universitetində idarəetmə və tədris sisteminin təşkili, təkmilləşdirmə kurslarının spesifikliyi, aparılan elmi apaşdırmaların istiqamətləri, beynəlxalq əlaqələr və digər məqamlar haqqında geniş məlumat verdi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə əməkdaşlıq etmək istədikləri sahələri göstərdi. Azərbaycan kurortlarında xəstəliklərin reabilitasiyasının aparılması işinin təşkili məsələsi prioritet sahə kimi nəzərə çatdırıldı.
    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov institutunun tarixi haqqında məlumat verərək göstərdi ki, institut 1935-ci ildə yaradılmışdır. İnstitutun yaradılmasında bir sıra görkəmli mütəxəssislər-Z.M.Məmmədov, M.M.Əfəndiyev, H.K.Əliyev, B.A.Tarnoqradski, P.P.Popov və digərləri bilavasitə iştirak etmişlər. İnstitutun inkişafında ən parlaq səhifələr professor Əziz Əliyevin adı ilə bağlıdır. Məhz buna görə 1962-ci ildə Əziz Əliyevin xatirəsi əbədiləşdirilərək instituta onun adı verilmişdir. İnstitutda professorlar Z.Ə.Əliyeva, S.M.Qusman, M.X.Yaqubov kimi Respublikanın bir çox adlı-sanlı həkim-alimləri çalışmışlar. Hazırda institut 3 fakultə, 28 kafedra ilə təmsil olunub ki, burada 34 elmlər doktoru, 127 tibb üzrə fəlsəfə doktoru, 8 əməkdar elm xadimi və 8 əməkdar həkim çalışır. İnstitut müxtəlif illərdə həm Azərbaycan, həm də başqa ölkələrdən olan həkim və əczaçıların təkmilləşməsi və ixtisasartırmasını müvəffəqiyyətlə həyata keçirmişdir. Hal-hazırda hər il ixtisasartırma kurslarından 6000-ə yaxın həkim keçir. Bu gün ADHTİ Azərbaycan səhiyyəsinin müasir təhsil, elmi və müalicə müəssisəsidir. Professor N.A.Qasımov təmsil etdiyi təhsil müəssisəsində hazırda müasir tələblərə cavab verən şəraitin yaradılmasından, tədris otaqlarının ən yüksək səviyyəli elektron cihaz və avadanlıqlarla təmin olunması, tədrisdə qabaqcıl informasion-kommunikasion texnologiyaların tətbiqi sayəsində distant təhsilin fəaliyyət göstərməsi,həkimlərin peşə vərdişlərinə yiyələnməsini və müasir endoskopik mini-invaziv laparoskopik cərrahi metodların mənimsənilməsini təmin etmək məqsədilə simulyasion mərkəzin yaradılmasından, tədris prosesinə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsindən söz açdı. Sonda rektor N.A.Qasımov bu günkü görüşün aktuallığından danışdı və bildirdi ki, bir müddət əvvəl Litva Sağlamlıq Elmləri Universitetində qonaq kimi olarkən burada təhsilin yüksək səviyyədə təşkil edildiyinin şahidi olmuşdur.
    Müzakirələr zamanı əməkdaşlıq edilə biləcək sahələr dəqiqləşdirildi və qərara alındı ki, müasir təbabətin aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların aparılması, paritet əsaslarda müasir innovasion texnologiyaların tətbiqi, tədrisin idarə edilməsinin müasir standartlara uyğun təşkili məsələlərində əməkdaşlıq və təcrübə mübadiləsinə geniş yer verilsin. Alınan nəticələrin hər iki ölkə mətbuatında və elmi nəşrlərində içıqlandırılması məsələsi də daim gündəmdə olmalıdır. Hər iki ali tibb müəssisəsinin özünün elmi-praktik jurnalının olması bu işi daha da aktual edir.
    Görüşün sonunda Litvadan gəlmiş nümayəndə heyəti üzvləri səmimi qəbul üçün dərin minnətdarlıqlarını bildlrdilər.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX