Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

28.06.2016

    24 iyun 2016-cı ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

   1. Ə.Əliyev adına ADHTİ-nin 2016-2017-ci tədris ili üçün təqvim planı haqqında.

        Məruzəçi: prorektor T.Eyvazov

   2. Distant təhsilin təşkili haqqında.

        Məruzəçilər: professor A.Həsənov, t.e.d. İ.Mustafayev

   3. İnstitutun Etik Komitəsinin təşkili haqqında.

        Məruzəçi: professor F.Ağayev

   4. Dissertanturada və doktoranturada hazırlıq barədə.

        Məruzəçi: dosent L.Bəxtiyarova

   5. Tədris və tədris-metodik sənədlərin müzakirəsi və təsdiq olunması.

   6. Müxtəlif məsələlər.

   İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun tibb üzrə alimlik dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
   I məsələ üzrə prorektor T.H.Eyvazov çıxış etdi. O qeyd etdi ki, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 2016/2017-ci tədris ili üçün ixtisasartırma kurslarının təqvim planının tərtib olunması işi başa çatmışdır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təsdiq üçün göndərilmişdir. Həmin kurslarda müdavimlərə müasir təbabətin aktual məsələləri haqqinda məlumat verməklə yanaşı onların həlli yolları da göstəriləcəkdir. Bu zaman xüsusi simulyator-manekenlərdən, müxtəlif endoskopik aparatlardan, mikroskoplardan və s. müsair tədris vasitələrindən istsfadə etmək nəzərdə tutulur. Proqramlar tərtib edilərkən fənlərarası əlaqələr yaradılmasına xüsusi fikir verilmiş və onların uzlaşması təmin edilmişdir. Bu tədris ilində də distant və səyyari təhsil kurslarına təqvim planında xeyli yer verilmişdir. Yeniliklərdən ən başlıcası odur ki, ilk dəfə olaraq təqvim planının tərtib olunmasında modul sistemindən istifadə edilir. Beləki, tədris proqramı hərəsi bir həftəlik müddət üşün nəzərdə tutulmuş modullara bölünmüşdür. Həmin modulları müştərək tətbiq etməklə bütün tədris ili iki həftəlik kurslara bölünmüşdür. Eyni zamanda modullardan əlavə iki həftəlik tematik kurslar da nəzərdə tutulmuşdur. Beləliklə, artıq əvvəlki illərdə olduğu kimi müxtəlif müddətli kursların keçirilməsinə lüzum qalmamışdır. Bu isə həkim-müdavimlərin iş və yaşayış yerlərindən uzun müddətə ayrılmamaqla onlara maraqlı gələn mövzular üzrə kurslara cəlb olunmalarına şərait yaradacaqdır.

   2016/2017-ci tədris ili üçün planlaşdırılmışdır:

   Kursların sayı - 641 (onlardan: ixtisas proqramı üzrə modulların tədrisi ilə - 226
   Müxtəlif tematik modulların tədrisi ilə - 415)
   Distant - 6 kurs (100 müdavim)
   Səyyar - 32 kurs (375 müdavim)
   Qəbul edilə bilən müdavimlərin maksimal sayı - 9040.
   Səyyar və səyyar distant kursların coğrafiyası:

   Zona 1 (Lənkəran) -5 kurs (1 distant)
   Zona 2 (Salyan) -5 kurs
   Zona 3 (Şamaxı) -2 kurs
   Zona 4 (Quba) - 6 kurs
   Zona 5 (Şirvan) -2 kurs (1 distant)
   Zona 6 (Gəncə) - 4 kurs (1 distant)
   Zona 7 (Tovuz) - 2 kurs (1 distant)
   Zona 8 (Yevlax) - 4 kurs (2 distant)
   Zona 9 (Şəki) - 5 kurs
   Sumqayıt şəhəri -3 kurs.

   İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək prorektor T.H.Eyvazov tərəfindən nəzərə çatdırılan məsələlərə öz münasibətini bildirdi və qeyd etdi ki, bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanmasında Ə.Əliyev adına ADHTİ-nin üzərinə böyük vəzifələr düşür. Həmin vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün 2016/2017-ci tədris ili üçün institutda tərtib olunan təqvim planına müasir, sübutlu əsaslandırılmış informasiya və təhsil texnologiyalara əsaslanan ixtisasartirma kursları daxil edilmişdir.
   II məsələ üzrə distant təhsilin pilot layihə kimi tətbiq olunduğu terapiya kafedrasının müdiri t.e.d. İ.Mustafayevin və həmin layihənin növbəti tətbiq ediləcəyi pediatriya kafedrasının müdiri professor A.Həsənovun çıxışları dinlənildi. Qeyd olundu ki, distant təhsilin ölkəmizdə də inkişaf etməsi bu günün tələbidir. Dinləyici özünə uyğun zaman və məkan çərçivəsində internet vasitəsilə onlayn təlim imkanı qazanır. Distant təhsilə qoşulmaq üçün qeydiyyatdan keçib baza bilik səviyyəsini təyin etmək üçün test suallarına cavab vermək lazımdır. Müdavimin bilik səviyyəsi təyin edildikdən sonra təkmilləşmək istədiyi mövzunu seçmək ona təklif olunur. Təhsilin müddəti onun yığdığı ballara uyğun təyin edilir. Ball nə qədər yüksəkdirsə müddət də o qədər qısa olur. Təsil müddətində müdavimə onlayn mühazirələr oxunur, tapşırıqlar verilir və sonda test suallarının cavablandırılması aparılır. Cavablar yoxlandıqdan sonra ona kredit balları verilir və uyğun sertifikat təqdim olunur. Alınan ilk nəticələr haqqında Elmi Şura üzvlərinə məlumatlar verildi
   İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək bildirdi ki,layihə həyata keçdikdən sonra bu, həkim-dinləyicilərin ixtisasartırma təhsilində irəli atılmış mühüm bir addım olacaqdır.
   III məsələ üzrə sosial gigiyena və səhiyyənin təşkili kafedrasının müdiri professor F.Ağayev çıxış edib bildirdi ki, bu gün tibbi elmi-tədqiqat işlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı tədqiqatçı mənəvi dəyərləri mütləq nəzərə almalıdır. İnsanın iştirakı ilə aparılacaq sınaq və eksperimentlərin etik əsasında məlumatlandırılmış pasientin razılığı doktrinası durur. Biotibbi biliklərin hal-hazırki inkişafı heyvanlar və digər modellərdən sonra insanlığın xeyri naminə insanlar üzərində araşdırmaların aparılmasına imkan verir. Ancaq insanlar üzərində kliniki tədqiqatlar o zaman həyata keçirilə bilər ki, risk alınacaq faydanı üstələməsin. Dünyanın əksər ölkələrində bu halları tənzimləyən qanunlar qəbul edilmişdir. Eyni zamanda Ümumdünya Tibb Assosiasiyasının “İnsanın cəlb edilməsi ilə aparılan tibbi tədqiqatların etik prinsipləri” adlı Helsinki Bəyannaməsi də bu məsələləri tənzimləyir. Ona görə də göstərilənləri nəzərə alaraq Ə.Əliyev adına ADHTİ-nin Etik Komitəsinin yaradılması Elmi Şura üzvlərinin təsdiqinə təqdim edilir.
   Müzakirələrdən sonra Ə.Əliyev adına ADHTİ-nin Etik Komitəsinin nizamnaməsi və tərkibi təsdiq edildi.
   IV məsələ üzrə institutun elmi katibi dosent L.B.Bəxtiyarova məruzə etdi və qeyd etdi ki, hal-hazırda institutumuzda 41 dissertant və doktrant var. Elmi katib aparılan elmi işlərin istiqamətləri və hal-hazırkı durumu haqqında məlumat verdi. Qeyd olundu ki, ayrı-ayrı kafedralarda yerinə yetirilən elmi-tədqiqat işlərində ləngimələrin olması, işin gedişinin plandan geri qalması müşahidə olunur. Axırıncı Elmi Şuradan keçən müddət ərzində bütün dissertant və doktrantların hesabatları dinlənilmiş və hər birinin qarşısında konkret vəzifələr qoyulmuşdur. İşi yekunlaşdırmaq üçün onlara dəqiq vaxt təyin edilmişdir.
   İclasın sonunda institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX