Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun
80 illik yubileyi qeyd olundu

22.12.2015

    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu həkimlərin və əczaçıların elmi-texniki tərəqqinin müasir səviyyəsinə və ölkəmizin təhsil standartlarına uyğun ixtisasartırma və kadrların yenidən hazırlanmasını təmin edən ali təhsil müəssisəsidir. Bu illər ərzində institut şanlı tarix yaşamış, tanınmış ali təhsil ocağına çevrilmişdir. Respublikamızın səhiyyəsinin inkişafında institutun rolu danılmazdır.
    2015-ci il dekabr ayının 21-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyinə həsr edilmiş konfrans keçirilmişdir.Konfransin açılışından öncə institut rəhbərliyi və yubiley tədbirlərində iştirak edən qonaqlar Fəxri xiyabana getmiş və Ümummilli lider Heydər Əliyevin,görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın və dövlət xadimi Əziz Əliyevin məzarlarını ziyarət etmişlər.
    Konfransın açılış mərasimində ilk söz Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar Siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadəyə verilir.O,Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyinə ünvanlamış təbrikini oxudu.
    Sonra institutun 80 illik yubileyi ilə əlaqədar Ukrayna Milli Akademiyasının prezidenti akademik B.E.Paton, P.L.Şupik adına Ukrayna Milli Diplomdansonrakı Təhsil Tibb Akademiyasının rektoru akademik Y.V.Voronenko, Qazaxıstan Davamlı Tibb Təhsili Universiteti idarəçiliyinin sədri professor Q.A.Togizbayev, Özbəkistan nevroloqlar assosiasiyasının sədri professor M.N.Qafurov, Qomel Tibb universitetinin Nevrologiya və Neyrocərrahiyyə kafedrasının müdiri professor V.Y.Latışeva,Belarus Diplomdansonrakı Tibb Təhsili akademiyasının rektoru professor M.A.Gerasimenko və digərləri tərəfindən göndərilmiş təbrik məktubları oxundu.
    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik tarixi və fəaliyyəti haqqında çıxış etmək üçün söz rektor professor N.A.Qasımova verildi.Rektor qeyd etdi ki,institutun 80 illik tarixi ölkəmizdə səhiyyənin inkişafı ilə üst-üstə düşür.Beləki,Azərbaycan səhiyyəsində həyata keçirilən bütün tədbir və quruculuq işlərində institutun kollektivi və ya burada təhsil alıb bir mütəxəssis kimi yetişmiş şəxslər aktiv iştirak etmışlər.İnstitutun yaradılması Respublikanın səhiyyəsi üçün üç vacib məsələnin həllinə köməklik etmişdir: Birincisi - institutun bazasında yüksək ixtisaslı mütəxəssislər toplanaraq sonralar ölkənin məşhur tibb alimlərinin formalaşmasına şərait yaratmışdır.
   Respublikanın adlı-sanlı həkim alimləri S.M.Hacıqasanov, M.X.Yaqubov, M.N.Mirsəlimov, M.R.Nəzirov, J.A.Babayev, Ş.S.Xalfen, S.X.Nəzərli, L.N. Ləmbəranski, M.İ.Lurye, İ.İ.Şakov, A.D.Mustafayev, M.Ə.İbrahimov, S.M.Qusman, M.Q.Hüseynov, M.D.Kaclayev, A.M.Nəsirov və s. məhz bu dövrdə fəaliyyətə başlamışlar. İnstitutun formalaşmasında və tanınmış elm-təhsil ocağına çevrilməsində bir çox görkəmli alimlərin böyük rolu olmuşdur. ADHTİ-nin tarixinin bir çox şanlı səhifələri Əziz Məmmədkərim oğlu Əliyevin adı ilə bağlıdır. 1962-ci ildə Əziz Əliyevin əbədi xatirəsi və böyük əməyinə olan məhəbbət ifadə olunaraq instituta onun adı verilmişdir.İnstitut tarixinin 34 ili akademik Mirməmməd Cavad oğlu Cavad-zadənin adı ilə bağlıdır.Onun rəhbərliyi altında institut inkişaf edərək keçmiş Sovetlər Birliyində tanınmış ali təhsil ocağına çevrilmişdir. Azərbaycan EA həqiqi üzvü, əməkdar elm xadimi Zərifə Əziz qızı Əliyevanın oftalmologiya elminə verdiyi böyük və sanballı töhfələr onun məhz Ə.Əliyev adına ADHTİ-da çalışdığı illərə təsadüf edir. İkincisi - institutun əsas kafedralarının Bakının iri xəstəxanalarında yerləşdirilməsi nəticəsində elmlə təcrübənin vahid istiqamətdə fəaliyyəti təmin edilmiş və həmin xəstəxanalar ölkə əhalisinə ixtisaslı tibbi yardım göstərən mərkəzlərə çevrilmişlər. Üçüncüsü - yarandığı ilk illərdən başlayaraq institut Respublika üçün minlərlə yüksək ixtisaslı həkim mütəxəssislər hazırlamışdır.
    İnstitutda aparılmış eimi-tədqiqat işləri keçmiş Sovetlər İttifaqında və müasir tibb dünyasında yenilik kimi tanınmış, təbabət tarixinə şanlı səhifələr kimi daxil olmuşdur. İnstitut əməkdaşlarinin şəfa verdiyi on minlərlə xəstələr ölkəmizin və xalqımızın rifahı üçün çalışmış və indi də çalışırlar. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu öz 80 illik yubileyini tam yaradıcılıq gücü ilə qarşılayır, ixtisaslı həkim və provizor mütəxəssislərinin peşə səviyyəsinin yüksəldilməsinə, elmi-təcrübi işlərin yaxşılaşmasına, əhaliyə yüksək səviyyədə tibb yardımının göstərilməsinə çalışır. Ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir. Bütün sahələrdə irəliləyişlər var. Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daimi diqqət mərkəzindədir. İnstitutun beynəlxalq əlaqələri genişlənir, Rusiya Federasiyası Diplomdansonrakı Təhsil Akademiyası, Türkiyə Cumhuriyyəti İstanbul Universiteti, Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyası, Qazaxıstan Davamli Tibbi Təhsil Universiteti, Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Ali Səhiyyə Məktəbi və bir çox başqa tanınmış təhsil ocaqları ilə qarşılıqlı əlaqə haqqında sazişlər imzalanmışdır. Bu günkü konfransımız Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun şanlı 80 illik yubileyinə həsr edilmışdir.
    Sonra yubiley tədbirlərinin qonağı olan xarici və yerli tibb təhsili müəssisələrinin rəhbərləri çıxış etdilər.Rusiya Tibb Diplomdansonrakı Təhsil akademiyasının rektoru akademik L.K.Moşetova,Türkiyə Cumhuriyyəti İstanbul Universitetinin prorektoru professor Mert Savrans,Belarus Tibb Diplomdansonrakı Təhsil akademiyasının rektoru professor M.A.Gerasimenko,Amerika-Avstriya Açıq Tibb İnstitutunun rektoru professor Volfqanq Aulitski,akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə mərkəzinin direktoru akademik B.A. Ağayev öz çıxışlarında institutla bağlı əməkdaşlıqdan, xatirələrindən danışıb arzularını bildirdilər.
    İnstitutun yubileyi ilə əlaqədar İnstitut əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin mükafatlarını və Səhiyyə Nazirliyinin Fəxri Fərmanlarını təqdim etmək üçün söz Azərbaycan Respublikası Səhiyyə Naziri professor Oqtay Şirəliyev cənablarına verildi.Səhiyyə Naziri çıxış etdikdən sonra mükafatları təqdim etdi.
    Konfrans iştirakçılarına institutun tarixinə və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi.
    Konfrans öz işini institut alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışları ilə davam etdirdi.Travmatologiya kafedrasının assistenti İ.Seyidov “İri oynaqların endoprotezlənməsi”,otorinolarinqologiya kafedrasının assistenti R.Həşimli “Azərbaycanda foniatrik xidmətin təşkili”, ümumi cərrahiyyə kafedrasının dosenti A.Kazımov “Pankreonekrozun müalicəsində müasir miniinvaziv texnologiyaların rolu” mövzularında məruzələr etdilər. Məruzələr maraqla dinlənildi,mövzular ətrafında diskussiyalar aparıldı.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ELEKTRON KURSLAR


Ailə həkiminin praktikasında ürək-damar xəstəlikləri kursları

TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX