22-25 oktyabr 2025-ci il tarixlərində Rio-de-Janeyroda keçirilən 10-cu Beynəlxalq Ortodontiya Konqresində dünyanın müxtəlif ölkələrindən 7000-dən artıq ortodont iştirak etmişdir. Belə miqyaslı konqreslər hər 5 ildən bir keçirilir və elmi biliklərin, müasir təcrübələrin mübadiləsi üçün unikal platforma hesab olunur. Bu tədbir bütün dünyadan gələn həmkarların görüş yeri, dostluq və elmi paylaşım bayramı kimi yadda qalmışdır.
Azərbaycan nümayəndə heyətinə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ortodontiya kafedrasının müdiri, tibb elmləri doktoru Ziba Qasımova rəhbərlik etmişdir. Nümayəndə heyətinin tərkibinə həmçinin Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinin üzvləri Mərcanə Rəsulova, Ayşən İmaməliyeva və Fariz Ovçiyev də daxil olmuşlar.
Konqres çərçivəsində dosent Orxan Qasımovun elmi çıxışı, eləcə də dosent Ziba Qasımova, assistent Günel Əliyeva və Ayşən İmaməliyevanın poster təqdimatları iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Əla təşkil olunmuş mühazirə zalları, möhtəşəm sərgi və iştirakçılar üçün hazırlanan Braziliya karnavalı üslubunda şou proqram konqres iştirakçılarının yaddaşında uzun müddət silinməz təəssürat kimi qalacaqdır.