Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü münasibətilə “Müstəqil Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı” adlı tədbir keçirilib.
Tədbirin rəsmi hissəsindən öncə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının tarixində milli qürurun və dövlətçilik iradəsinin təntənəsidir. Bu gün xalqımızın müstəqillik yolunda keçdiyi şərəfli tarixi xatırladır.
Tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək bildirdilər ki, Azərbaycan xalqı 18 Oktyabr tarixini azadlıq və dövlət müstəqilliyinin rəmzi kimi qeyd edir. 90-cı illərin əvvəlində dövlətimizi məhv olmaqdan Heydər Əliyevin siyasi iradəsi xilas etdi. Müstəqilliyimizin bərpasının real mənası və qüdrəti isə 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapdı. Azərbaycan xalqı bir yumruq kimi birləşərək torpaqlarımızı 30 illik işğaldan azad etdi, ərazi bütövlüyümüzü bərpa etdi. Bu, dövlət müstəqilliyimizin ən parlaq qələbəsi, xalqımızın qəhrəmanlıq salnaməsidir.Bu zəfər müstəqil dövlətimizin, güclü ordumuzun və xalq-iqtidar birliyinin nəticəsidir.Ulu Öndərin uzaqgörən siyasəti və möhkəm təməli üzərində qurulan dövlətimiz bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü ölkələrindən birinə çevrilibdir.
Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Pənahovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak etmişdir.
Tədbirin sonunda fəxri fərmanlar təqdim edildi və xatirə fotosu çəkildi.