Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının dosenti Məzahir Quliyev tərəfindən təqdim edilən rinoplastika əməliyyatı zamanı yeni cərrahi yanaşma - Rhino-Graft (Gərgədan Greft) metodikası - beynəlxalq tibbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Metodika qabırğa qığırdağından hazırlanmış greftin spina nasalis anterior sahəsində Piezo texnikası ilə formalaşdırılmış V-şəkilli oyuğa yerləşdirilərək xüsusi sabitləyici tikiş üsulu ilə fiksasiyasına əsaslanır. Bu texnika həm funksional, həm də estetik baxımdan etibarlı nəticələr verməklə yanaşı, rinoplastika və rekonstruktiv cərrahiyyədə innovativ yanaşma kimi qəbul edilmişdir. Metodika haqqında ilk məlumat M.Quliyevin Türkiyədə nəşr olunan “Journal of Ear Nose Throat and Head Neck Surgery” jurnalının 2024;32(3):134-8 sayında çap olunmuş “Stabilization of Costal Cartilage Graft to Nasal Spine in Revision Rhinoplasty: The Rhino-Graft Technique” adlı elmi məqaləsində verilmişdir.
2025-ci ilin avqust ayında isə dosent Məzahir Quliyev ABŞ-ın San-Fransisko şəhərində keçirilən “8th World Surgeons Congress 2025” beynəlxalq konqresində “Rhino-Graft: A Novel and Innovative Fixation Technique for Caudal Septum Stabilization in Revision Rhinoplasty” mövzusunda etdiyi məruzədə də metodika haqqında geniş məlumat vermişdir. Təqdimatın uğuru və elmi yeniliyi səbəbilə, konqresin təşkilat komitəsi tərəfindən bu günlərdə rəsmi məktubla göndərilən nailiyyət sertifikatında elmi işin “2025 Award” mükafatı ilə təltif olunması göstərilmişdir. Bu nailiyyət Azərbaycan otorinolarinqologiya məktəbinin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsinə mühüm töhfədir və ölkəmizin alimlərinin innovativ elmi işlərinin dünyada tanınmasının bir göstəricisidir.