
Azərbaycan səhiyyəsinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının sabiq Səhiyyə Naziri, uzun illər Ə.Əliyev adına Azәrbaycan Dövlət Hәkimlәri Tәkmillәşdirmә İnstitutunun “Şüa diaqnostikası və endoskopiya” kafedrasının müdiri işləmiş professor Oqtay Şirəliyev ömrünün 75-cı ilində vəfat etmişdir.
Oqtay Kazım oğlu Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1973-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Müalicə işi" ixtisası üzrə bitirmişdir.
İş fəaliyyətinə 1974-cü ildə Bakı şəhərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hospitalında cərrah kimi başlayaraq, 1977-ci ildə Moskvada Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun cərrahlıq üzrə kliniki ordinaturasına, 1978-ci ildə isə 1-ci Moskva Tibb İnstitutunun aspiranturasına daxil olmuşdur. Tibb elmləri namizədi elmi dərəcəsi aldıqdan sonra1981-ci ildən Azərbaycan Rentgenologiya, radiologiya və onkologiya ETİ-də böyük elmi işçi kimi çalışmışdır. 1982-ci ildə Respublika endoskopiya Mərkəzinin rəhbəri, 1983-1988-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi şöbəsinin rəisi olmuşdur. 1988-ci ildə Respublika Diaqnostika Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. 1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyası müdafiə edərək SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini almışdır. 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilmişdir. 2005-2021-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Naziri olmuşdur. 2005-2008-ci illər üzrə Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin üzvü olmuş, 2007-2008-ci illər ÜSTİK-nin vitse-prezidenti vəzifəsini icra etmişdir. 2009-2012-ci illər üçün ÜST Avropa Regionu Daimi Komitəsinin üzvü seçilmişdir.
Professor Oqtay Şirəliyev eyni zamanda 1991-2005-ci illər ərzində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır. Həmin illərdə onun tibbi kadrlarının ixtisaslaşması və təkmilləşməsində, səmərəli elmi-tədqiqat işlərinin aparılmasında böyük xidmətləri olmuşdur. O, dəfələrlə müxtəlif ölkələrdə keçirilən qurultay, konqres və konfranslarda iştirak etmiş, əldə olunmuş yenilikləri müvəffəqiyyətlə səhiyyə praktikasına tətbiq etmişdir.
100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 13 ixtira və səmərələşdirici təkliflərin müəllifidir.
2015-ci il avqust ayının 12-də Səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Tanınmış səhiyyə təşkilatçısı, alim və pedaqoq professor Oqtay Kazım oğlu Şirəliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!