Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2030-cu ilə qədər dünyada hər altı nəfərdən biri 60 və daha yuxarı yaşda olacaq. 2020-ci ildə yaşlı əhalinin sayı 1 milyard olduğu halda, 2030-cu ilə qədər bu rəqəmin 1,4 milyarda çatacağı gözlənilir. 2020-2050-ci illər arasında 80 yaşdan yuxarı insanların sayının üç dəfə artaraq 426 milyona çatacağı proqnozlaşdırılır. 2050-ci ilə qədər qlobal yaşlı əhalinin sayı 2,1 milyard nəfərə çatacaq.
Əhalinin qocalması ilə bağlı problemləri həll etmək, yaşlı insanların sağlamlığını, sosial və iqtisadi vəziyyətini yaxşılaşdırmaq və bu problemlərə diqqəti artırmaq üçün BMT 1 oktyabr tarixini Beynəlxalq Ahıllar Günü elan etmişdir. Əksər dünya ölkələrində hər il bu günə həsr olunmuş tədbirlər həyata keçirilir.
2025-ci ildə Beynəlxalq Ahıllar Günü “Yerli və qlobal fəaliyyətə rəhbərlik edən yaşlı insanlar: məqsədlərimiz, rifahımız və hüquqlarımız” mövzusuna həsr edilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 1 oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr edilmiş dəyirmi masa təşkil olunmuşdur. Dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları, səhiyyə müəssisələri və ictimai birlik nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi cəmiyyətin diqqətini ahıl əhalinin aktual problemlərinə yönəltmək, bu istiqamətdə birgə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmaqdır.
Dəyirmi masada yaşlı insanlar üçün tibbi xidmətin təşkili, sektorlararası əməkdaşlıq və s. mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılmış, faydalı təkliflər səslənib və müvafiq qurumlar arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi məqsədilə İşçi qrup yaradılmışdır.
Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ailə təbabəti kafedrasının assistenti Günay İsgəndərova və pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova iştirak edərək, təkmilləşdirmə kurslarında ahıllar arasında xəstəliklər, sağlam yaşlanma və s. mövzulara dair məlumatların yer almasını xüsusi qeyd etmişlər.