Tibbin dəyişən demoqrafik, sosial və texnoloji şərtləri, eləcə də artan ictimai gözləntilər yaşlı və qulluğa ehtiyacı olan asılı insanlara uzunmüddətli qayğıya (baxıma) yanaşmanın uyğunlaşdırılmasını tələb edir. Qlobal dəyişikliklərin baş verdiyi zəmanəmizdə uzunmüddətli qayğı problemləri bütün dünya dövlətlərinin tibb ictimaiyyətinin nəzarətindədir.
Bu sualları araşdırmaq üçün mütamadi keçirilən toplantılardan biri olan “27-ci Uzunmüddətli Qayğı. İnsana yönləndirilən qayğı” adlı beynəlxalq konfrans 23-25 sentyabr 2025-ci ildə Polşanın Torun şəhərində keçirilmişdir. Konfransda ABŞ və bir çox Avropa ölkələrindən olan, ümumiyyətlə 25 ölkədən, 1000 yaxın iştirakçı iştirak etmişdir. Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova da iştirak etmişdir. O, konfrans çərçivəsində keçirilən dairəvi masada ölkəmizdə bu sahədə görülən işlərdən danışmışdır.
Avropada beynəlxalq miqyasda keçirilən bu konfransın məqsədi dünyada aktual olan uzunmüddətli baxım sahəsində fəaliyyət göstərən mütəxəssisləri bir araya toplayaraq, insan ləyaqətini qorumaq, müstəqilliyinə dəstək vermək, şəxsiyyət mərkəzli qayğını təşkil etmək baxımından təcrübə mübadiləsinın müzakirəsi idi. Konfransın 4 panelində demensiya, yaşlı və qayğıya ehtiyacı olan insanlara yeni tibbi, texnoloji dəstəyə dair dünya təcrübələri və ümumiyyətlə ehtiyacı olan insanların həyat keyfiyyətinin yaxşılaşmasına dair məlumatlar təqdim edilmişdir.