10-12 aprel 2025-ci il tarixində Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə Gənc Kardioloqların I Forumu keçirılmişdır. 3 gün davam edən Foruma 600-dən artıq mütəxəssislər qatılmışdır. Forumun proqramına yeni tibbi texnologiyaların və fundamental tibbin nailiyyətlərinin tətbiqinin praktiki aspektlərinə həsr olunan iclaslar, orijinal tədqiqatın nəticələri, real klinik təcrübədən olan klinik hallar əsasında debatlar daxil idi.
Konfransın birinci günü Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda «Exokardioqrafiya» adlı kurs keçirildi. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasının müdiri professor Tofiq Cahangirov və t.ü.f.d. Rasim Cəfərovun moderatorluğu ilə keçən kurs zamanı exokardioqrafiyanın texniki və fiziki əsasları, kardiomiopatiyalar, anadangəlmə ürək qüsulları məsələləri interaktiv şəkildə müzakirə edildi. Kurs zamanı “Exokardioqrafiya real klinik praktikada” mövzusunda aparılmış milli tədqiqatin təqdimatı da baş tutmuşdur.Eyni zamanda ekspert Cəmil Babayevin rəhbərliyi ilə Seçenov Universitetinin Simulyasiya Mərkəzində “Transezofagial Exokardioqrafiya” adlı kurs da keçirilmişdir
Sonrakı iki gün forum öz işini plenar iclas və elmi sessiyalarla davam etdirmişdir.
Bu forumda institutun kardiologiya kafedrasının müdiri professor Tofiq Cahangirov forumun elmi komitəsinin sədri, ekspert, klinik hal yarışmalarında münsiflər heyətinin üzvü kimi, həmin kafedranın professoru Faiq Quliyev və dosenti Kəmalə Zahidova ekspertlərin qiymətləndirmə komisssiyasının üzvləri kimi iştirak etmişlər.