
14-15 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Health and Science İnitiatives şirkətinin birgə təşkilatçılığı ilə «Tibbi tədqiqata necə başlamaq və onu necə aparmaq olar: ideyadan dərcə və nəzarətə qədər» mövzusunda elmi-praktiki konfrans keçirildi. Tədbirdə ölkə və xarici tibb mərkəzlərindən 120-dən çox mütəxəssis iştirak edirdi.
Konfransda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları nevrologiya və klinik neyrofiziologiya kafedrasının assistenti, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Health and Science Initiatives MMC-nin direktoru Mərziyyə Məmmədova, Səhiyyə Nazirliyi Etik Komitənin üzvləri əczaçılıq kafedrasının baş müəllimi Yelena Marinçenko və terapiya kafedrasının dosenti Sədaqət Sultanova iştirak etmişlər.
İki gün davam edən konfrans 8 moduldan ibarət idi. Burada Avropa və Azərbaycanda klinik tədqiqatlara dair mövcud qanunvericilik qaydaları, dərman vasitələri və tibbi cihazların hazırlanması və təhlükəsizliyi, klinik tədqiqatlarda keyfiyyətə nəzarət və s. barədə ətraflı məlumat verildi.
Məruzələr zamanı iştirakçılara ideya mərhələsindən başlayaraq tədqiqat sualının formalaşdırılması, metodologiyanın müəyyənləşdirilməsi, tibbi tədqiqatların dizaynı və planlaşdırılması, etik prinsiplərin tətbiqi, məlumatların toplanması və təhlili, elmi məqalə yazılışı, klinik tədqiqatların beynəlxalq standartlara uyğun aparılması ilə bağlı Good Clinical Practice qaydaları, farmakonəzarət prinsipləri və Contract Research Organisation (CRO) ilə əməkdaşlıq imkanları haqqında da faydalı məlumatlar təqdim olundu.
Konfransın sonunda praktik hissədə klinik tədqiqatların aparılmasına dair test sualları vasitəsilə sorğu aparıldı.