30-31 oktyabr 2025-ci il tarixlərində Pakistanın İslamabad şəhərində 11-ci Beynəlxalq Ortodontiya Konfransı keçirilmişdir. Konfrans Pakistan Ortodontlar Assosiasiyası tərəfindən təşkil olunmuşdur. Konfransda fərqli ölkələrin alimləri arasında bilik və təcrübə mübadiləsi müasir ortodontiyanın inkişafına, innovativ yanaşmaların tətbiqinə, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə töhfə vermişdir.
Konfransda həmçinin ortodontiya sahəsində tanınmış beynəlxalq mütəxəssislər professor R. Nanda, professor A. Zaher, professor D.Tamimi və digər alimlər iştirak etmişlər ki, bu da tədbirin yüksək elmi səviyyəsini təmin etmişdir.
Assosiasiyanın prezidenti professor Saad Asadur Rehmanın dəvəti ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ortodontiya kafedrasının müdiri, t.e.d., dosent Z.V.Qasımova və kafedranın dosenti O.F.Qasımov plenar iclasda onlayn çıxış etmişlər. Çıxışının sonunda Z.V. Qasımova hazırda kafedrada 8 ortodontiya rezidenti təhsil aldığını qeyd etmişdir. O, həmçinin əlavə etmişdir ki, təcrübə mübadiləsini genişləndirmək məqsədilə Pakistan universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulması hər iki ölkənin rezidentləri üçün əvəzolunmaz təcrübə olardı.
Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, çıxışlardan sonra çoxsaylı suallar verilmiş və müzakirələr aparılmışdır.