İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində, Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 12-13 mart 2025-ci il tarixlərində Səyyar Klinikanın vasitəsilə Cəbrayıl şəhərində əhali üçün oftalmoloji tibbi müayinələr keçirilmişdir. Tədbirin əsas məqsədi əhalinin görmə sağlamlığını qorumaq və erkən diaqnoz qoymaqdır. Bu təşəbbüs çərçivəsində, yerində həyata keçirilən müayinələr sayəsində insanların görmə problemləri erkən mərhələlərdə müəyyən edilir və vaxtında müdaxilə edilərək ciddi xəstəliklərin qarşısı alınır. Eyni zamanda, insanların göz sağlamlığını qorumaq, görmə itkisinə səbəb olan xəstəlikləri önləmək və bu sahədə maarifləndirmə işlərini artırmaq da tədbirin məqsədləri arasında yer alır. Aksiyada iştirak edənlərə yüksək keyfiyyətli tibbi yardılm göstərilib və onların sağlamlıqlarını bərpa etmək üçün ən müasir avadanlıqlardan istifadə olunmuşdur. Bu təşəbbüs, həmçinin bölgələrdə əhalinin göz sağlamlığını qorumağa yönəlmiş uzunmüddətli hədəfləri dəstəkləyir və ümumi sağlamlıq səviyyəsinin yüksəlməsinə töhfə verir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının əməkdaşı Lamiyə Həsənzadə tərəfindən keçirilmişdir. “Böyük Qayıdış” proqram çərçivəsində keçirilən iki günlük aksiya zamanı 169 nəfər oftalmoloji müayinə olundu. Müayinələr əsasında refraksiya patalogiyası, allergik konyunktivit, katarakta, diabetik retinopatiya, quru göz sindromu və s. diaqnozlar aşkar olundu.
Dr. Lamiyə Həsənzadə bundan öncə də Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş Laçın rayonunda, Zəngilan rayonunun Ağalı kəndində, Xankəndində əhali üçün oftalmoloji tibbi müayinələrin keçirilməsində iştirak etmişdir.