Ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı COP-29 tədbirləri çərçivəsində insan sağlamlığı, təhsil, maliyyə, kənd təsərrüfatı, urbanizasiya və digər sahələrin iqlim dəyişikliyi ilə əlaqəli məsələləri geniş müzakirə olunur. Bu müzakirələr zamanı respublikanın uyğun nazirliklərinin əməkdaşları həmin sahələrin ölkəmizdə inkişafından məlumat verir və qarşıya şıxan çətinliklərin həll olunması yollarının yerli aspektlərindən danışırlar. Ətraf mühitin sağlamlığa təsiri də gündəmdə olan məsələlərdəndir.
Bu məsələlərin aktuallığını nəzərə alıb Ə.Əliyev adına ADHTİ-nin tədris planına uyğun olaraq pediatriya kafedrasında “Ətraf mühit və uşaq sağlamlığı” mövzusunda onlayn seminar keçirilmişdir. Seminarı aparan kafedranın dosenti, UNİCEF-in milli təlimçisi Mətanət Qaraxanova iştirakçılara iqlim dəyişikliyi və ətraf mühitin uşaq sağlamlığına olan təsirləri barədə geniş məlumatlar çatdırmışdır. Eyni zamanda Azərbaycanda uşaqlara yardım edən tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə pediatriya üzrə tədris proqramında “Ətraf mühit və uşaq sağlamlığı” mövzusunda iki günlük təlimlərin keçirilməsi də nəzərdə tutulmuşdur. Bu təlimlərdə UNİCEF-n dəstəyi ilə Səhiyyə Nazirliyi tərəfindən hazırlanan modullardan istifadə ediləcəkdir.