5 oktyabr 2024-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Respublika Xəstəxanasında Bakıda noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının “Yaşıl dünya naminə həmrəy olaq” 29-cu sessiyasına (COP29) həsr olunmuş “İqlim dəyişikliyinin sağlamlığa təsiri” mövzusunda konfrans keçirildi. Tədbirdə qlobal istiləşmənin yaratdığı sağlamlıq problemləri və onların aradan qaldırılması yolları müzakirə olundu.
Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan MR Səhiyyə Nazirliyinin nümayəndələri konfransın rəsmi açılış mərasimində çıxış etdilər.
Sonra konfransın panel iclaslarında iqlim dəyişikliyi və sağlamlıq mövzusu ətrafında müxtəlif təqdimatlar edildi. Ekopatologiya, nanotexnologiyalara əsaslanan müasir yanaşmalar və qlobal istiləşmənin insan immun sistemi və dəri xərçənginə təsirləri kimi məsələlər müzakirə olundu. Çıxışlarda iqlim dəyişikliyinin insan sağlamlığına geniş təsirləri hərtərəfli şəkildə işıqlandırıldı. Ə.Əliyev adina Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının baş elmi işçisi, biol.ü.f.d. Gülüstan Hacıyeva da həmmüəllifləri olan Tağızadə R.K. və Qasımova S.H. ilə yerinə yetirdikləri “İnfeksion və allergik sindromların interpretasiyasının immundiaqnostik əhəmiyyəti” mövzusunda eimi-tədqiqat işinin nəticələrini iştirakçıların nəzərinə çatdırdı. Məruzə maraqla qarşılandı.