29 may 2024-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ortodontiya kafedrası, Azərbaycan Ortodontları Peşəkar Cəmiyyəti (APOС) ilə birlikdə Naxçıvan Dövlət Universitetinin dəstəyilə Naxçıvan Muxtar Respublikasının 100-cü, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Diş-çənə anomaliyalarının diaqnostika və müalicəsində müasir üsullar” adlı regional elmi-praktiki konfrans keçirilmişdir. Tədbirdə Bakıdan 50 həkim, Naxçıvandan 70 həkim və tələbə iştirak etmişdir.
Konfransın iştirakçıları əvvəlcə Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Heydər Əliyev muzeyi ilə tanış oldular. Konfrans başlanmazdan öncə Ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirildi.
NDU-nun rektoru dosent Elbrus İsayev tibb elminə dair konfransların, simpoziumların keçirilməsinin ali təhsil ocağında bir ənənə halını aldığını qeyd etdi və institutun tibb fakültəsində yaradılan müasir şəraitdən danışdı. O bildirdi ki, belə tədbirlərin təşkili tələbələrin gələcəkdə peşəkar kadr kimi formalaşmasına böyük təsir göstərir.
Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Qasımov çıxışında respublikamızda tibb təhsili sahəsində qazanılan uğurları xüsusi qeyd etdi və bu uğurların təməlində dövlətimizin diqqət və qayğısının dayandığını bildirdi.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Naziri Samiq Sadıxov Naxçıvanda əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan islahatlardan danışaraq bildirdi ki, ölkəmizdə fəaliyyət göstərən üç böyük ali təhsil ocağı tibb sahəsi üzrə peşəkar kadr formalaşdırır. Bu həm respublikamızda tibbin inkişafına təkan verir, həm də regionda bu sahəyə olan kadr ehtiyacının təmin olunmasında mühüm rol oynayır.
Konfransda Ə.Əliyev adına ADHTİ-nin və ATU-nun ortodontiya kafedralarının fəaliyyətindən həmin kafedraların müdirləri, tibb elmləri doktoru, dosent Qasımova Z.V. və tibb elmləri doktoru, dosent Şadlinskaya R.V. çıxış etdilər və bildirdilər ki, bu cür konfransların təşkili Naxçıvanda ortodontiyanın inkişafına töhfə verəcək, həmçinin gənc mütəxəssislərin və həkimlərin diqqətini ortodontiya ixtisasına cəlb edəсəkdir.
Sonra həkim-ortodont Əliyeva L.İ. çıxış edərək Naxçıvanda ortodontik xidmətin vəziyyəti və ortodontik yardımın təşkili barəsində məlumatlar verdi.
Konfransın davamında Ə.Əliyev adına ADHTİ-nin ortodontiya kafedrasının bütün əməkdaşları t.ü.f.d. Qasımov O.F., t.ü.f.d. Əliyeva G.B., Əliyeva F.A., Əliyeva A.B., rezidentləri və dissertantı elmi-praktik məruzələrlə çıxışlar etdilər. Tədbirdə APOС-un üzvləri olan t.ü.f.d. Salmanlı O., həkimlər Süleymanov İ., Əliyeva N., Cümşüdlü C., və s. təqdimatları da baş tutdu.
Konfransın bağlanış mərasimində iştirakçıların hamısına sertifikatlar təqdim olundu.