21-24 aprel tarixində İspaniyanın paytaxtı Madriddə Ümumdünya Hemofiliya Federasiyasının təşkilatçılığı ilə ÜHF-2024 Dünya Hemofiliya Konqresi keçirilmişdir. Dünyanın 135 ölkəsindən 3000 nəfərdən çox nümayəndənin (hematoloqlar, səhiyyə təşkilatçıları, travmatoloq-ortopedlər, genetiklər) iştirak etdiyi konqresdə irsi və qazanılma qanaxma xəstəlikləri, onların müasir, innovasion müalicə vasitələri, yaşlanma hemofiliyası, yanaşı gedən xəstəliklərə yanaşma taktikası, von Villebrand xəstəliyinə müasir baxış və s. mövzularda geniş məruzələr olunmuş, bilik və təcrübə mübadiləsi aparılmışdır. Ən çox müzakirə olunan məsələ gen mühəndisliyi, hemofiliyanın gen terapiyası olmuşdur.
Konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun səhiyyənin təşkili kafedrasının müdiri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri t.e.d. dosent Hikmət İbrahimli, hematologiya kafedrasının müdiri dosent Elmira Qədimova, hematologiya kafedrasının assistenti t.ü.f.d. Mehparə Kazımova ölkəmizi təmsil etmişlər. Onların hazırladığı “Hemofiliyanın təlabatına görə müalicəsinin Azərbaycan modelinin qiymətləndirilməsi” mövzusunda poster-prezentasiya konqres iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.