Xəbər verildiyi kimi 2023/2024-cü tədris ilində səhiyyə sistemində yaranmış tələbatları nəzərə alaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda tədris planından kənar artıq təşkil olunmuş Təməl həyat dəstəyi (BLS), Təkmil həyat dəstəyi (ALS) və Təkmil kardiovaskulyar həyat dəstəyi (ACLS) kursları ilə yanaşı EKQ kursları, Kiçik cərrahi əməliyyatlar, Tibbi tullantıların idarə olunması, Xəstəxana öncəsi travma həyat dəstəyi, Travmalarda təkmil həyat dəstəyi (ATLS), Mamalıqda təkmil həyat dəstəyi (AİSO), Neonatal reanimasiya proqramı (NRP), Təkmil pediatrik həyat dəstəyi (PALS), İnfeksion nəzarət, Mikrobioloji laborator müayinə üçün materiallarla iş, Disstres hallarda psixoloji dəstək, Fövqəladə halların idarə oluunması, Ailə həkiminin işinin təşkili, Laparoskopik cərrahiyyə üsulları, Spirometriya, Elektroensefaloqrafiya, Elektromioqrafiya kurslarının keçirilməsi planlaşdırılmışdır. Artıq uyğun kafedralarda proqramlar hazırlanmış, avadanlıq məsələləri həll edilmişdir.
İlk kurs 04.03-07.03.2024-cü il tarixində institutunun terapiya kafedrasında “Pulmonologiyada funksional diaqnostika üsulları. Spirometriya” mövzusunda keçirilmişdir. Kursda 15 nəfər iştirak etdi. Onların arasında terapevt, pulmonoloq və allerqoloqlar yer almışdılar. Kursun praktiki hissəsi “Spirolab” spiroqrafdan işdifadə etməklə həyata keçirildi və metodika institutumuzun bazası olan akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xəstələr üzərində əyani olaraq göstərildi. Eyni zamanda həkim-müdavimlər institutumuzun digər bazası olan “Leyla” klinikasında təcrübi məşğələlərdə çoxsaylı xəstələrin müayinəsində də iştirak etdilər. Sonda müdavimlərin sorğusu aparıldı, keçirilən kursda spirometriyanın mənimsənilməsi barədə rəy verildi.