Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə 2009-cu il noyabrın 17-də Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü təsis edilmişdir.
Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu Azərbaycan Pediatrlar Assosiasiyası ilə birgə konfrans keçirmişdir. Tədbirin məqsədi vaxtından əvvəl doğulan körpələrin həyatda qalması üçün səylərin artırılması, vaxtından qabaq doğulmuşların peyvəndlənməsi, vaxtından əvvəl doğum prosesinin baş vermə riskinin minimuma endirilməsi, eləcə də onların sağlamlıqlarının qorunması üçün maddi, mənəvi və tibbi yardımın göstərilməsindən ibarət idi.
Konfransda Türkiyənin Ege Universitetinin professoru Mehmet Yalaz, Qazaxıstan Tibb Universitetinin professoru Karlıqaş Jubanışeva (onlayn), Asfendiyarov adına Qazaxıstan Milli Tədqiqat Tibb Universitetinin dosenti Gülban Abdullayeva ilə yanaşı Elmi-Tədqiqat Pediatriya İnstitutunun, Mərkəzi Gömrük Hospitalının, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları çıxış etdilər. Ə.Əliyev ADHTİ-nin pediatriya kafedrasının dosenti Nigar Hacıyeva "Körpələrdə qastrointestinal allergiya növləri" mövzusunda interaktiv, iştirakçıların cəlb edilməsi ilə maraqlı təqdimat apardı.