20-23 Oktyabr tarixində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Cənubi Qafqazın Mama-ginekoloqlar və Perinataloqlar Assosiasiyasının III konqresi keçirilmişdir. Konqres görkəmli alim, professor P.Y. Kintrayın xatirəsinə həsr edilmiş idi. Konqresin təşkil olunmasında Ə.Əliyev adına ADHTİ-nun mamalıq və ginekologiya kafedrasının əməkdaşları yaxından köməklik göstərmiş, məcmuədə çap olunmaq üçün elmi məqalələr təqdim etmişdilər.
Ə.Əliyev adına ADHTİ-nun mamalıq və ginekologiya kafedrasının müdiri professor Leyla Rzaquliyeva konqresin açılışı zamanı qonaqları salamlamış, institutumuz adından Qarabağımızı tərənnüm edən hədiyyə təqdim etmişdir. Professor Leyla Rzaquliyevanın moderatorluğu ilə keçən paneldə kafedranın əməkdaşı Günel Əfəndiyeva “Angiohemofiliyalı hamilələrdə doğuşa yardım” mövzusunda məruzə ilə çıxış etmişdir.Çıxış böyük maraqla qarşılanmışdır. Konqres iştirakçıları olan kafedranın əməkdaşları Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət etmiş,abidəsi önünə güllər qoyub, xatirəsini dərin ehtiramla yad etmişlər. Həmçinin Botanika bağında yerləşən, Mirzə Fətəli Axundzadənın də qəbri olan, Azərbaycanın görkəmli ziyalılarının dəfn olunduqları pantateon da ziyarət edilmişdir.