Süd vəzi xərçəngi son illər ən çox narahatlıq doğuran onkoloji xəstəliklərdən birinə çevrilib. Hər il dünyada 10 milyondan çox qadın həmin xəstəliyə mübtəla olur və hər il süd vəzi xərçəngindən 6 milyondan çox qadın həyatını itirir. Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il oktyabrın 15-də Süd Vəzi Xərçənginə Qarşı Ümumdünya Mübarizənin Günü keçirilir.
Bu il də Azərbaycanda bu günə həsr olunmuş müxtəlif tədbirlər keçirilmişdir. Həmin tədbirlərdən biri Səhiyyə Nazirliyi, TƏBİB ve Medical Media şirkətinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Sağlam qadın xoşbəxt gələcəkdir, heç bir qadın süd vəzisini itirməsin” mövzusunda konfrans olmuşdur. Konfransda mütəxəssislərlə yanaşı ictimai birliklərin nümayəndələri və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin xanımı Sibel Tatar də iştirak etmişdir.
Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının müdiri professor Leyla Rzaquliyevanın moderator olduğu paneldə kafedranın əməkdaşı Günel Əfəndiyeva “Uşaqlıq boynu patologiyaları” mövzusunda məruzə ilə çıxış etmişdir.