Xarici ölkələrdə hazırlıq keçmiş tibb mütəxəssislərinin yekun imtahanı keçirilmişdir
29.09.2023
Xəbər verildiyi kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 13 iyun 2022-ci il tarixli 10№-li “Xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədi ilə imtahanın keşirilməsi qaydası” qərarına əsasən Sertifikasiya Komissiyasında imtahandan keçmiş şəxslər göndəriş əsasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 6 ay müddətində kurslara cəlb edilmişlər. Bu gün həmin müdavimlərdən 71 nəfəri kurslarda təhsil müddəti başa çatdırdıqlarına görə ilk yekun imtahanında iştirak etmişlər. İmtahanlar müvafiq kafedraların bazalarında müdavimin kurs ərzində davamiyyəti və hazırlıq planına uyğun ixtisas üzrə praktik peşə vərdişlərinin mənimsənilməsi və tələb olunan minimal sayda icrasınıın təsdiqi (xəstə sayı, müalicə və diaqnostik üsulların,müxtəlif manipulyasiyaların icra olunmasının sayı və strukturu) haqqında hesabatları nəzərə alınmaqla keçirilmişdir. Bu zaman praktik vərdişilərin ixtisasdan asılı olaraq mövcud simulyatorlardan istifadə olunmaqla yerinə yetirilməsinə, laborator və instrumental müayinə üsullarının (USM, KT, MRT, EKQ və s.) nəticəlrinin düzgün interpritasiyasının aparılmasına qiymət verilmişdir.
İmtahana buraxılmış bütün müdavimlər yekun qiymətləndirməni müvəffəqiyyətlə keçmişlər və onların praktik peşə fəaliyyətinə buraxılmasına müsbət rəy verilmişdir.