Avstriyanın paytaxtı Vyanada Qaraciyərin Öyrənilməsi üzrə Avropa Birliyinin (EASL) növbəti EASL-2023 konqresi keçirilmişdir. Hepatologiyanın ən son nailiyyətləri və planlaşdırılan tədqiqatlar üzrə illik son məlumatlar ilk olaraq EASL konqreslərində təqdim edilir. Bu ilki konqres də həmin məlumatlarla zəngin olmaqla yanaşı hepatoloji problemlər ilə əlaqəli xəstəliklər üzrə bir neçə müalicə və diaqnostika protokollarının qəbulu ilə yadda qaldı. Beləki, “EASL Clinical Practice Guidelines on acute-on-chronic liver failure” (Kəskin və xroniki qaraciyər çatmamazlığı üzrə), “EASL Clinical Practice Guidelines on hepatitis delta virus” (Delta virus hepatiti üzrə) və “A multi-society Delphi consensus statement on new fatty liver disease nomenclature” (Qaraciyərin qeyri-alhoqol piy xəstəliyi üzrə multidisiplinar Delfi consensusu) rəsmi qəbul edilmişdir. Konqresdə ənənəvi olaraq postdiplom tədris kursu, ekspertlər ilə görüşlər, elmi tədqiqatların nəticələri ilə sessiyalar, master-klasslar, poster və abstrakt sessiyalar ilə yanaşı treninqlər (USM, elastometriya, biopsiyalar və histoloji təhlil) də keçirilmişdir. Xususi diqqət hepatoloji problemlərin ilkin diaqnostikasına və multidisiplinar yanaşmaya verilmişdir.
Bu mühüm tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva da iştirak etmişdir. Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin elmi işlər üzrə məsul şəxsi olan əməkdaşımızın konqresdə ABŞ, Ukrayna və Qazaxıstanın qastroenteroloji cəmiyyətlərinin rəhbərləri ilə kecirilən görüşləri nəticəsində birgə tədqiqatların aparılması ilə bağlı razılaşmalar əldə edilmişdir.