Pediatriya kafedrasında “Təməl Həyat Dəstəyi” təlimi keçirildi

19.06.2023

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB tərəfindən Respublikada “Təcili Yardım Sisteminin Gücləndirilməsi”nə dair fəaliyyətlər həyata keçirilir. Bu fəaliyyətlərlə bağlı tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə Təməl Həyat Dəstəyi(THD; BLS-Basic Life Support), həkim-xəstə kommunikasiyası, təxirəsalınmaz vəziyyətlərdə yardımın prinsipləri və s. mövzular Ə.Əliyev adına ADHTİ-nin peşə hazırlığı tədris proqramlarında yer almışdır.
19 iyun 2023-cü il tarixində pediatriya kafedrasında peşə hazırlığı kursunda iştirak edən həkimlər üçün “Təməl Həyat Dəstəyi” adlı təlim baş tutmuşdur. Təlimi kafedranın dosenti, ÜST Ümumdünya Səhiyyə Təşkilatının "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" layihəsinin təlimçisi Mətanət Qaraxanova keçirmişdir. İlk olaraq iştirakçılar arasında onların THD bilik səviyyələrini qiymətləndirmək məqsədilə test yoxlanışı aparılmışdır. Sonra təlim iştirakçılarına zərərçəkənə (böyük, uşaq və körpələrə) ilk yardımın həyata keçirilməsinə dair (eyni zamanda COVİD-19 pandemiyası şəraitində davranışı nəzərə alaraq) geniş məlumatlar verilmişdir. Həmin məlumatlar manekenlər üzərində əyani nümayiş olunmaqla zərərçəkənə yanaşmaq, təhlükəsizliyi təmin etmək, tibbi yardımı çağırmaq, ürək-ağciyər canlandırılmasına dair alqoritmin həyata keçirilməsi və s. əhatə edirdi. Bu zaman müdavimlərə manekenlər üzərində sərbəst çalışmaq imkanı da yaradılmış idi. Xüsusi sorğu vasitəsilə iştirakçıların yerinə yetirdikləri tapşırıqlar təlimçi tərəfindən qiymətləndirilmişdir.




TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX