8-11 iyun 2023-cü il tarixində Bakıda Türk Dünyası Dağınıq Skleroz Araşdırmalarını Dəstəkləmə Dərnəyi, Azərbaycan Milli Nevroloqlar Assosiasiyası və Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının birgə təşkilatçılıqı və “Health and Science İnitiatives”-in dəstəyi ilə 5-ci Beynəlxalq Türk Dünyasi Dağiniq Skleroz konqresi keçirilir. İlk dəfə 2019-cu ildə Ankarada keçirilən 1-ci konqres Türkdilli dövlətlərdə dağınıq skleroz sahəsində çalışan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir və göstərilən marağa görə ənənəvi olaraq növbəti illərdə konqresin hər il bir ölkədə keçirilməsi qərara alınmışdır. Bu il həmin konqresə Bakı ev sahibliyi edir.
Konqresin açılış mərasimində Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edərək dağınıq sklerozla əlaqədar ölkəmizdə dövlət proqramı çərçivəsində görülən işlər haqqında danışmışdır.Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov öz çixişinda Türkdilli dövlətlər arasında gündən-günə artan tibbi elmi əlaqələrin əhəmiyətini qeyd etmiş, rəhbərlik etdiyi institutda beynəlxalq əlaqələr çərçivəsində aparılan işlər haqqında məlumat vermiş, konfrans iştirakçılarına uğurlar diləmişdir. Konqresin həmsədrləri professor Rəna Şirəliyeva (Azərbaycan), professor Şeref Demirkaya (Türkiyə), professor Hüsnü Efendi (Türkiyə) çıxış etdikdən sonra Özbəkistan,Kazakıstan,Tacikistan,Simali Kipr TC, Kırgızıstan Nevroloqlar Assosiasiyasılarının sədrləri də konqres iştirakçılarını salamladılar.
Konqresdə mütəxəssis məruzəçilərin iştirakı ilə dağınıq skleroz, NMO, MOQ ilə əlaqəli xəstəliklərin mövcud diaqnostikası, müalicəsi və bu sahədə mövcud inkişaflar müzakirə edilir.Şifahi və poster təqdimatlarında Türkdilli dövlətlərdə görülən işlər təqdim olunur, həmin ölkələr arasında daha sıx elmi əlaqələrin yaradılması yolları göstərilir. Ə.Əliyev adına ADHTİ-nin nevrologiya və klinik neyrofiziologiya kafedrasınin əməkdaşları professor Rəna Şirəliyeva “Dağınıq sklerozun diaqnostikasına yeni yanaşmalar”, assistent Aygün Quliyeva “Bakıda dağınıq sklerozun epidemioloji vəziyyəti”, dissertant Mərziyə Məmmədova “Dağınıq sklerozda neyrofizioloji diaqnostika. Transkranial maqnit stimulyasiya” mövzularında çıxişlar təqdim etdilər.
Konqres iyunun 11-dək davam edəcək.