
Xəbər verildiyi kimi "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi BMT-nin Əhali Fondunun Azərbaycan ofisinin dəstəyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və TƏBİB-in əməkdaşlığı ilə 2021-ci ildən "Ataların antenatal qayğıya cəlb edilməsi" üzrə layihəsinin icrasına başlamışdır.
Antenatal xidmətlərin əhatəliliyinin yaxşılaşdırılması, uşaqlara göstərilən qayğıda ataların daha aktiv iştirakının təşviq edilməsi, hamiləlik, doğuş və doğuşdan sonrakı müddətdə ana və körpə sağlamlığının mühafizə işinin təkmilləşdirilməsi və analarla yanaşı ataların da bu məsələdə bilik və bacarıqların artırılmasına yönəlmiş layihənin həyata keçirilməsi istiqamətində 18-19 may 2023-cü il tarixlərində Bakı şəhəri 3 saylı qadın məsləhətxanasında mama-ginekoloqlara və pediatrlara "Azərbaycanda kişilərin antenatal qayğı və uşaq baxımına cəlb edilməsi üzrə tibb işçiləri üçün gender-transformativ proqram" adlı təlim keçirilmişdir. Hal-hazırda layihədə "Ümidli gələcək" İctimai Birliyinin, İSİM, TƏBİB və Ə.Əliyev adına ADHTİ-nun əməkdaşları təlimçi-ekspert qismində iştirak edirlər.
Həmin təlimçilərdən Ə.Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının dosenti Nigar Hacıyeva "Uşağın sağlamlığında atanın rolu" və "Tibb işçiləri üçün ataların cəlb olunmasına aid praktik tövsiyələr" adlı mühazirələrlə çıxış etmişdir. Mühazirələrdə 2016-cı ildən aparılan və ataların uşağın inkişafına cəlb olunmasının faydasını təsdiqləyən araşdırmaların nəticələri təqdim edilmişdir. Təqdim edilən məlumatlar dinləyicilərdə böyük maraq doğurdu.