Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu qarşısında tibbi təhsilin keyfiyyətinin müasir dünya standartlarına uyğunlaşdırmaq vəzifəsi qoyulmuşdur. Bu məsələnin həlli üçün institutda tədrisin müxtəlif növ və formaları həyata keçirilir. İnstitut rəhbərliyi tibb elminin ən son nailiyyətlərinin yerli həkim-mütəxəssislərə çatdırılması məqsədilə beynəlxalq təhsilə önəm verir. Bu məqsədlə institut tərəfindən Türkiyə, Avstriya, Rusiya, Belarusiya, Qazaxıstan və Özbəkistanın aparıcı tibb təhsili müəssisələri ilə bağlanmış müqavilələrdə klinik və profilaktik təbabət, səhiyyənin təşkili və aktual problemlərinə həsr olunmuş birgə elmi tədqiqatların aparılması, onların nəticələri əsasında, həmçinin tədris prosesinin təşkili sahəsində təcrübə mübadiləsinə dair konfrans və seminarların keçirilməsi, tədris prosesinə və səhiyyə praktikasına tədrisin, diaqnostika, profilaktika və müalicənin yeni metodlarının tətbiqi məsələlərinin koordinasiyası, həmçinin ali tibb mütəxəssislərinin fasiləsiz professional təhsili sahəsində müasir metodik və elmi-praktik informasiyaların mübadiləsi nəzərdə tutulmuşdur.
Növbəti beynəlxalq seminar M.Ospanov adına Qərbi-Qazaxstan Tibb Universiteti ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu arasında bağlanmış memorandum əsasında institutun nevrologiya və klinik neyrofiziologiya kafedrasında keçirilmişdir. Bakıya dəvət olunmuş M.Ospanov adına Qərbi-Qazaxstan Tibb Universitetinin psixiatriya və narkologiya kursu ilə nevrologiya kafedrasının rəhbəri, sinir-əzələ xəstəlikləri üzrə ixtisaslaşmış multidissiplinar mərkəzin nəzdində ekspert-konsultativ şuranın üzvü, PhD Ayaqanov Dinməhəmməd Nurniyaz oğlu 5 günlük seminarda məşğələlər aparmışdır. Mühazirə və praktik dərslər somatonevrologiya, sinir-əzələ xəstəlikləri, irsi xəstəliklər, sinir sisteminin erkən yaş dövründə inkişafı məsələlərini əhatə etmişdir. Verilən məlumatlar dinləyicilər tərəfindən yüksək qiymətləndirilmişdir.