17-19 noyabr 2022-ci il tarixində Bakıda Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) təşkilati dəstəyi ilə 2-ci Beynəlxalq Azərbaycan Hematologiya Mütəxəssisləri konqresi keçirilmişdir. Konqresə 20-yə yaxın ölkədən 132 məruzəçi, 500-dən çox iştirakçı qatılmışdır. Açılış mərasimində Səhiyyə Nazirinin müavini İlqar Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru, "Azərbaycan Hematologiya Mütəxəssisləri" İctimai Birliyinin sədri Valeh Hüseynov, Türk Hematoloji Dərnəyinin rəhbəri professor Muhlis Cem Ar, Avropa Hematologiya Dərnəyinin qurucusu professor Dieter Hoalzer, İstanbul Universitetinin Onkoloji İnstitutunun professoru Bülent Zülfikar çıxış edərək konqres zamanı təcrübə mübadiləsinin, hematologiya sahəsindəki yeniliklər barədə məlumatların bölüşülməsinin xəstəliyin diaqnoz və müalicəsini təkmilləşdirmək baxımından əhəmiyyətli olduğunu vurğuladılar.
Həmçinin Avropa Hematologiya Assosiasiyasının prezidenti Elizabet Makintayr tədbirə onlayn qoşularaq ürək sözlərini çatdırdı.
Konqresdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının əməkdaşları da yaxından iştirak etmişlər. Kafedra müdiri dosent Elmira Qədimovanın moderatorluğu ilə assistent Günel Əlizadə “Hemofiliyalı xəstələrdə profilaktik müalicə”, assistent Qiyas Hüseynov “Şəkərli diabetin müalicəsində ekstrakorporal hemokorreksiya (plazmaferez)” mövzusunda məruzələrlə çıxış etmişlər. Çıxışlar maraqla qarşılanmışdır.
Konqres 3 gun davam etmiş, bilik və təcrübə mübadiləsinə vəsilə olmuşdur.