
11-12 noyabr 2022-ci il tarixlərində “2nd International Webinar on Primary Healtcare and Medicare” adlı beynəlxalq onlayn konfrans keçirildi. Konfransda daxili xəstəliklər, pediatrik və neonatal səhiyyə, diabet və endokrinologiya, qidalanma və piylənmə, dermatologiya, onkologiya, ginekologiya və mamalıq, infeksiylar, xroniki xəstəliklər, cərrahi xəstəliklər, koronavirus və onun sağlamlığa təsiri mövzularına dair çıxışlar səsləndirildi. ABŞ-dan Sondos Al Sad, Michael Stevens, Kanadadan Helen Bertrand, İndoneziyadan Cessika Li, Malayziyadan Roziah Sidik, Braziliyadan Ellen Kosminski, Türkiyədən Şeyda Yılmaz Özal və başqaları maraqlı elmi işlərin nəticələrini təqdim etdilər. Ölkəmizi təmsil edən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının baş laborantı İsmayılova Sevil “Oral glucose tolerance test 90-minutes values in prediabetes detection” mövzusu ilə konfransda çıxış etdi. Terapiya kafedrasının müdiri, t.e.d. Valeh Mirzəzadənin rəhbərliyi altında aparılan “Prediabetin diaqnostik meyarlarının təhlili və optimallaşdırılması” adlı tədqiqata həsr olunmuş çıxış zamanı tədqiqatın nəticələri səsləndirildi. Tədqiqatın nəticələrindən biri olan 75 qram qlükoza yükündən 90 dəqiqə sonra qlikemiya səviyyəsi üçün hesablanmış prediabetik rəqəm və onun keyfiyyət analizi və prediabetin aşkarlanmasında istifadəsinə dair məlumatlar təqdim edildi. Məruzənin sonunda verilən suallar cavablandırıldı.