20-22 oktyabr 2022-ci il tarixində Moskva şəhərində A.İ. Yevdokimov adına MDTSU-in 100 illiyinə həsr olunmuş “Estetika, Okklüziya, Funksiya” ideyası ilə Rusiya Ortodontlarının XXII qurultayı baş tutmuşdur. Qurultayda 600-dən çox ortodont iştirak etmişdir.
Ölkəmizi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ortodontiya kafedrasının müdiri, Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinin (APOC) prezidenti dosent Ziba Qasımova, APOC üzvləri Ayşən İmaməliyeva və Vüsalə Vəliyevadan ibarət nümayəndə heyəti təmsil etmişdir. Rusiyalı ortodontların çıxışlarından başqa qurultayda Amerikadan Vael Kanaan, (Sent-Luis universiteti), Meksikadan professor Xorxe Qutyerez (Justo Sierra universiteti), Azərbaycandan t.e.d. dosent Ziba Qasımovanın da çıxışları dinlənilmişdir.
Dosent Ziba Qasımovanın “Dişlərin retensiyası olan xəstələrin müalicəsində makro, mini və mikroestetika” mövzusunda məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Məruzənin əvvəlində Azərbaycanda ilk dəfə Ə.Əliyev adına ADHTİ-da ortodontiya kafedrasının yaradılması barədə məlumat verilmiş, daha sonra xəstələrin çoxsaylı klinik müalicə halları nümayiş etdirilərək estetik amilləri nəzərə almaqla müsbət müalicə nəticəsinə nail olmaq məsələsi araşdırılmışdır. Məruzənin sonunda, sonuncu slaydda müəllif “Qarabağ – Azərbaycandır” fotoşəklini qoymaqla, 2024-cü ildə Şuşada keçirilməsi nəzərdə tutulan Azərbaycan ortodontlarının qurultayının anonsunu vermişdir.