22 iyun 2022-ci il tarixində Avropa Pancreatologiya Klubunun (EPC) 54-cü konqresi öz işinə başlamışdır. Konqresdə Avropa ölkələrinin alimləri ilə yanaşı ABŞ və Yaponiya alimləri də iştirak edirlər. Pankreatologiyada aparılan müxtəlif tədqiqatların, yeni klinik tövsiyələrin təqdim edildiyi və gastroenteroloqlar üçün “pankreatoloji güzgü” hesab edilən bu möhtəbər tədbirdə bizim ölkəni Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva təmsil etmişdir. O, onlayn formatda keçirilən konqresin birinci günündə konqres qabağı kursda Avropa Qastroenterologiya Birliyi (UEG) tərəfindən dəstəklənin “Gut microbiome in pathogenesis and therapy of pancreatic, liver and GI tract diseases” mövzusunda “Microbiome and liver diseases” bölməsində həmsədr olmuş, “Bowel diseases in pancreatic pathology and therapeutic potential” bölməsində isə “Questions about the use of antibiotics in pancreatic disorders” mövzusundə çıxış etmişdir.
23 iyun 2022-ci il tarixində keçirilmiş rəsmi açılış mərasimində Avropa Pankreatologiya Klubunun prezidenti professor Natalya Gubergrits və qurumun baş katibi professor J. Matthias Löhr müasir gastroenteroloji problemlər daxilində mədəaltı vəzin xəstəliklərinin sürətlə yayıldığını qeyd etmiş və problemin aktuallığını bir daha vurğulamışlar. Konqres 25 iyun 2022-ci ildə öz işini tamamlayacaqdır. Konqresə təqdim olunmuş tezislərin çap olunduğu “Pancreatology” jurnalında dosent G.Babayevanın “Spectrumof pancreatıc lesıons ın ınflammatory bowel dıseases” və “COVID-19 and pancreas lesıons ın patıents wıth ınflammatory bowel dısease” adlı tezisləri də vardır.