ÜST 2022-ci il Ümumdünya Tütünlə Mübarizə Günü üçün "Tütün: ətraf mühitimizə təhlükə" şüarı altında qlobal kampaniyasını elan etmişdir. Kampaniyanın məqsədi tütünün becərilməsi, istehsalı, paylanması və tullantısının ətraf mühitə təsiri haqqında ictimaiyyət arasında məlumatlılığın artırılmasıdır. Eyni zamanda tütün istifadəçilərinə siqaretdən imtina etmək üçün əlavə bir səbəb verilməsi də nəzərdə tutulur.
Hər il təxminən tütündən istifadə səbəbindən 8 milyon insanın ölümü baş verir. Dünyadakı uşaqların, demək olar ki, yarısı müntəzəm olaraq ictimai yerlərdə tütün tüstüsü ilə nəfəs alır və hər il 65 min uşaq ikinci əl tüstüsünə məruz qalma ilə bağlı xəstəliklərdən ölür. Körpələrin tütün tüstüsünə məruz qalması ani körpə ölümü sindromu riskini artırır,hamilə qadınlarda hamiləliyin ağırlaşmasına və problemli uşaqların doğulmasına səbəb olur. Qlobal olaraq, 13-15 yaşda yeniyetmələrin ən azı 10%-i tütündən istifadə edir. Dünyadakı uşaqların 50%-i tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alır. Avropada yeniyetmələrin 18%-i tütündən istifadə edir. Şərqi Avropa ölkələrində tütünçəkməyə başlayan yeniyetmə qızların sayı son 10 ildə 18%-dən 20%-dək artmışdır. Yüksək gəlirli ölkələrdə isə yeniyetmələr arasında tütünçəkmə səviyyəsi azalır.2025-ci ilə qədər isə ÜST hesabatında 15 yaşlı insanların tütün istifadəsini 30% nisbi azaltmaq məqsədi geyd olunur.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasında 31 May Ümumdünya Tütünlə Mübarizə Günü ilə bağlı seminar keçirilmişdir. Seminar kafedranın dosenti Mətanət Qaraxanovanın rəhbərliyi ilə baş tutmuşdur və iştirakçılara ÜST-n siqaretçəkmə ilə bağlı geniş məlumatları və video çarxları təqdim olunmuşdur. Bununla yanaşı Azərbaycanda bu problemlə bağlı statistik məlumatlar və həyata keçirilən tədbirlər barədə də məlumatlar verilmiş,Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan əyani vəsaitlər həkim-pediatrlara paylanılmışdır.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.