Səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlarin hazırlanması tibb təhsilinin qarşısında duran ən mühüm vəzifələrdəndir. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanması üçün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanmağa çalışaraq tam həçmdə fəaliyyətlərini davam etdirirlər.Bu sahədə ayrı-ayrı təhsil mərkəzlərinin kooperasiya şəklində fəaliyyət göstərməsi günün tələbidir.İnstitutumuzda bu istiqamətdə işlər görülərək yerli və xarici tibb təhsili müəssisələri ilə əlaqələr yaradılmışdır. Onların arasında İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı tərkibində fəaliyyət göstərən AMSEC (Azerbaijan Medical Simulation Education Center) Təlim və Simulyasiya Mərkəzi də vardır.
Bu mərkəz Azərbaycanda simulyasiya təlimindən istifadə etməklə gələcək həkimlərin praktiki bacarıqlarının təkmilləşdirilməsi və müxtəlif tibb peşələri üzrə mütəxəssislərin ixtisaslarının artırılması məqsədilə yaradılmış ilk irimiqyaslı layihədir. Təlim və Simulyasiya Mərkəzi praktiki təlim və əldə edilmiş bacarıq və səriştələrin səviyyəsinin qiymətləndirilməsi üçün müasir texnologiyalara malikdir. Mərkəzin işi tibb işçilərinin səhvlərinin minimuma endirilməsi, komandada işləmək vərdişlərinin formalaşdırılması, eləcə də tədris prosesində reallığa mümkün qədər yaxın şəraitin yaradılmasına yönəlibdir. Mərkəzdə genişləndirilmiş kardiopulmoner reanimasiya; travma zamanı genişləndirilmiş kardiopulmoner reanimasiya; baza endocərrahi simulyasiya təlimi və qiymətləndirmə; injeksiyaların aparılması,aseptika və antiseptikanın əsasları, şəxsi mühafizə qaydaları; erkən fokuslanmış ultrasəs diaqnostikası; ilk psixoloji yardım; fizioloji və patoloji doğuşun aparılması; ultrasəs nəzatəri ilə mərkəzi venoz kateterizasiya; xəstələrə qulluq modulları əsasında təlim aparılır.
14 fevral 2022-ci il tarixindən başlayaraq ilk olaraq Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasında peşə hazırlığı kursu keçən həkimlər Təlim və Simulyasiya Mərkəzində “Təkmil Kardiovaskulyar Dəstək Təlimi” kurslarında iştirak etmişlər. Bu zaman həkimlərə xəstələrin hospitalizasiyası öncə simulyatorlar üzərində ilk yardımın göstərilməsi təlimin əsas məqsədlərindən biri olmuşdur.
Bu təlimlər Ə.Əliyev adına ADHTİ-nun müdavimlərinin yerlərdə tibbi yardımı daha bacarıqla yerinə yetirmələrinə imkan verəcəkdir.