9-10 dekabr 2021-ci il tarixində Rusiya hökumətinin dəstəyi ilə Sankt-Peterburq şəhərində “Yeni koronavirus infeksiyası və digər yoluxucu xəstəliklərə qarşı mübarizə” üzrə II beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransda MDB ölkələrindən, Avropa, Asiya, Afrika və Şimali Amerikadan dövlət qurumlarının və elmi təşkilatların 300-ə yaxın nümayəndəsi iştirak etmişdir. Ölkəmizi bu tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasın dosenti Zemfira Quliyeva təmsil etmişdir. Konfrans Rusiya Federasiyasının Baş dövlət sanitar həkimi professor A.Y.Popova tərəfindən açıq elan edildikdən sonra Rusiya Federasiyasının müxtəlif bölgələrindən olan mütəxəssislər, Özbəkistan, Qırğızıstan, Çin, Almaniya, Monqolustan, Qvineya, Seneqal və s. ölkələrdən olan qonaqların çıxışları ilə davam etdi. Çıxışlarda SARS-CoV-2 virusunun molekulyar epidemioligiyası, mikrob və virus assosasiyaları, laborator diaqnostikası, COVİD-19 infeksiyasının etiotrop müalicəsində preparat seçimi və klinik xüsisiyyətləri və s. mövzular əhatə olunmuş idi. Konfransda təşkil olunmuş panellərdə koronavirus infeksiyası barədə ətraflı müzakirələr keçdi. İnstitutumuzun əməkdaşı dosent Z.Quliyeva bu müzakirələrdə aktiv iştirak edərək Azərbaycanda aparılan COVİD-19 pandemiyası ilə mübarizə metodlarından və dövlətin bu mübarizəyə verdiyi böyük dəstəkdən danışmışdır.