“Antenatal və uşaq baxımı xidmətlərinə kişilərin cəlb edilməsi” mövzusunda tibb işçiləri üçün təlimlər keçirildi

13.12.2021

Dünya ölkələri ilə yanaşı, Azərbaycanda da son illər ailənin sağlamlığı məsələlərində ataların və ailənin digər kişi üzvlərinin daha fəal iştirakı getdikcə artmaqdadır. Kişilərin göstərdiyi mənəvi və fiziki dəstəyin, habelə atalarla körpələri arasında hətta doğuşdan əvvəl erkən bağlılığın əhəmiyyəti artıq danılmaz sübutlara arxalanır. Ümumdünya Səhiyyə Təşkilatı hamiləlik, doğuş və zahılıq dövründə, eləcə də yenidoğulmuşlara qayğı zamanı kişilərin fəal cəlb olunmasını tövsiyə edir.
Bununla əlaqədar Azərbaycanda Avropa İttifaqının dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdiyi “Avropa İttifaqı gender bərabərliyi naminə: gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində “Hamiləlik və doğuş zamanı kişilərlə işin təşkili” layihəsinin icrasına başlanılmışdır.Layihə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi (STİB) tərəfindən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universiteti (ATU) və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.
Layihənin əsas məqsədi – ana və uşaq sağlamlığı ilə məşğul olan ailə həkimləri, mama-ginekoloqlar, mamalar, neonatoloq və pediatrlar tərəfindən hamiləlik, doğuş və uşağa qayğı prosesində analarla yanaşı, ataların da iştirakının təşviq edilməsi və onların geniş sanitar-maarifləndirmə işinə cəlb edilməsidir. Layihə ilə bağlı fəaliyyətlərin icrasının əlaqələndirilməsi məqsədilə İSİM, ATU, ADHTİ və “Ümidli Gələcək” STİB-nin nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət işçi qrupu yaradılmışdır.
Layihə çərçivəsində 6-8 dekabr 2021-ci il tarixində 25 səhiyyə və tibb işçisi üçün ailə planlaşdırılması, antenatal qayğı, perinatal və zahılıq dövrlərində qayğı, yenidoğulmuşlara qayğı mövzularında 3 günlük təlim kursu keçirilmişdir. Təlimə institutumuzun pediatriya kafedrasının dosentləri Mətanət Qaraxanova və Nigar Hacıyeva təlimçi qismində qatılmışlar.Onlar uşaq və hamilə qadınlara qayğı göstərilməsinə və dəstək olmasına kişilərin qatılmasında, döğuşdan öncə müayinələrə kişilərin cəlb edilməsində risklər və yaranan problemlər və bu problemlərin aradan qaldırılması ilə bağlı uyğun strategiya və cavab tədbirləri ilə bağlı təqdimatlarla çıxış etmişlər. Təlim kursu əsasında hazırlanacaq materiallar “ecourses.az” veb-platformasında yerləşdiriləcək və davamlı əlçatan olan elektron kurs tərtib olunacaqdır.
Qeyd edək ki, proqram ailədə və cəmiyyətdə kişi və qadın rollarına dair stereotiplərin və gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində fəaliyyət göstərərək qadınlar və kişilər üçün bərabər hüquq və imkanları gücləndirməyi hədəfləyir. Proqram regional səviyyədə altı ölkədə – Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Belarus və Ukraynada icra olunur.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX