Ə.Əliyev adına ADHTİ otorinolarinqologiya kafedrasının əməkdaşları 03-07 noyabr 2021-ci il tarixləri arasında Şimali Kipr Türk Respublikasının Girne şəhərində keçirilən 42-ci Türk Ulusal Qulaq, Burun, Boğaz və Baş Boyun Cərrahiyyəsi konqresində iştirak ediblər. Konqresin açılışında kafedranın dosenti, Mərkəzi və Qərbi Asiya Qulaq, Burun, Boğaz və Baş Boyun Cərrahiyyəsi cəmiyyətinin baş katibi Ramil Həşimli Türk dilli ölkələrin Otorinolarinqologiya cəmiyyətləri adından konqres iştirakçılarını salamlamış, Türk KBB BBC cəmiyyəti idarə heyəti və konqres sədarətinə konqresə dəvət və Türk dilli ölkələrin otorinolarinqoloqlarının təlim və təhsilində verdikləri əməyə görə minnətdarlığını bildirmişdir. Sonra o, 2-ci Qarabağ savaşında göstərdikləri maddi və mənəvi dəstəyə görə Türk KBB BBC cəmiyyətinə Azərbaycanlı həmkarlarının təşəkkürlərini çatdırmış və Şuşadan gətirilmiş Azərbaycan bayrağını Türkiyə KBB BBC cəmiyyəti sədrinə hədiyyə etmişdir.
Konqres çox geniş elmi proqramla 5 gün ərzində davam etmişdir. İnstitutun otorinolarinqologiya kafedrasının müdiri, Azərbaycan Otorinolarinqologiya cəmiyyətinin sədri professor Nazim Hüseynov “Malign Paranazal Sinüs Tümörlerine Yaklaşım - Bəd xasəli paranazal sinus şişlərinə yanaşma” panelində sədr, dosent Ramil Həşimli isə “Bening Vokal Kord Lezyonlarına Yaklaşım - Xoş xassəli qırtlaq şişlərinə yanaşma” mövzulu paneldə məruzəçi kimi iştirak etməklə öz elmi və klinik təcrübələrini həmkarları ilə bölüşmüşlər. Konqresin gedişində Mərkəzi və Qərbi Asiya QBB BBC cəmiyyətinin idarə heyətinin iclası keçirilmiş və cəmiyyətin 2020-ci ildə planlaşdırılan, ancaq Covid-19 pandemiyası səbəbilə təxirə salınan konqresinin 2022-ci ilin may ayında Bakıda keçirilməsi haqda qərar verilmişdir.