NEKROLOQ

04.09.2021

Azərbaycan səhiyyəsinə ağır itki üz vermişdir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun anesteziologiya və reanimatologiya kafedrasının dosenti, əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Qədirov Aydın Vəli oğlu 2021-ci il oktyabrın 4-də vəfat etmişdir.
Qədirov Aydın Vəli oğlu 1977-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirdikdən sonra 1977-78-ci illərdə 5 saylı Kliniki Şəhər Xəstəxanasında birillik internatura keçmiş və 1979-1983-cü illərdə 6 saylı Kliniki Doğum Evində həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışmışdır. 1983-cü ildə müsabiqə yolu ilə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Elmi Cərrahiyyə Mərkəzinə anesteziologiya və reanimatologiya ixtisası üzrə məqsədli ordinaturaya daxil olmuş və 1985-ci ildə ordinaturanı bitirdikdən sonra akademik Mirqasımov adına Respublıika Kliniki Xəstəxanasının anesteziologiya və reanimatologiya şöbəsində həkim anestezioloq-reanimatoloq vəzifəsinə təyin edilmişdir. 1997-ci ildən bu günə kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun anesteziologiya və reanimatologiya kafedrasıda əvvəl assistent, sonra isə dosent vəzifəsində çalışmişdir. A.V.Qədirov peşəkar və savadlı praktiki həkim olmaqla yanaşı elmi işlərə də maraq göstərmişdir. Apardığı tədqiqat işlərinin nəticəsi kimi 1998-ci ildə "Anemiyalı qadınların fibromiomasına görə uşaqlığın amputasiyası əməliyyatı zamanı keçirilən ümumi keyləşmənin gedişində lipoperoksidləşmə-antioksidləşmə prosesinin tənzimi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Sonralar mamalıq anesteziologiyası və reanimatologiyasının aktual problemi olan preeklamsiya-eklampsiyanın ağırlıq dərəcələrinin və formalarının klinikaönü diaqnostikası, kompleks müalicəsi və ağırlaşmalarının profilaktikası üzrə tədqiqat işləri ilə məşğul olmuşdur.
A.V.Qədirov ansteziologiya və reanimatologiya ixtisası üzrə kadr hazırlığında da bacarıqlı pedaqoq kimi yaxından iştirak etmişdir. 2005-ci ildə Bakı Baş Səhiyyə İdarəsinin baş anestezioloqu-reanimatoloqu və 2007-ci ildə Respublika Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasının üzvü təyin olunmuşdur. A.V.Qədirov yüksək mütəxəssis peşəkarlığı, özünə qarşı tələbkarlığı və həmkarlarına qayğıkeşliyi, öhtəsinə düşən işlərə məsuliyyətliliyi, habelə şəxsi keyfiyyətləri ilə işlədiyi kollektiv üzvlərinin, geniş tibb ictimaiyyətinin, xidmət göstərdiyi xəstələrin hörmətini və rəğbətini qazanmış idi. 50 elmi işin, o cümlədən 2 elmi ixtiranın, səmələşdirici təkliflərin, 1 metodik tövsiyənin, 1 kliniki protokolun müəllifidir. Əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə Səhiyyə Naziriliyinin "Fəxri Fərmanı" ilə təltif olunmuş,ona əməkdar həkim adı verilmişdir.
Tanınmış alim, savadlı həkim və pedaqoq Qədirov Aydın Vəli oğlunun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX