
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu terapiya kafedrasında “Prediabetin diaqnostik meyarlarının təhlili və optimallaşdırılması” adlı eimi-tədqiqat işi yerinə yetirilir. Aparılan tədqiqatın ilkin nəticələri Amerika Birləşmiş Ştatlarının “Journal of the Endocrine Society” jurnalında çap olunubdur. ”Definition of Norma / Prediabetes Cut-off Point for Fasting Glycaemia on the Basis of Glucose Tolerance Test and HbA1C Interrelationships” adlı elmi işi kafedra müdiri professor V.A.Mirzəzadənin rəhbərliyi altında kafedranın baş laborantı Sevil İsmayılova, dosent Sədaqət Sultanova, assistent Aygün Hüseynova tərəfindən yerinə yetirilmişdir. Həmin işdə qeyd edilir ki, şəkərli diabetin prediabet mərhələsində qeyri-medikamentoz yaxud farmakoloji müdaxilə edilərsə makro - və mikrovaskulyar ağırlaşmaların qarşısı alına bilər, yəni karbohidrat mübadiləsi normallaşar. Prediabetin diaqnostikası üçün ümumi qəbul olunmuş standartlar mövcud deyil. Ona görə də prediabetin diaqnostik meyarları üçün optimal variantın seçilməsi şəkərli diabet tip 2 və prediabetin erkən aşkarlanması nöqteyi-nəzərindən informativlik təşkil edəcəkdir.