Gingivit, parodontit və peri-implantit dünyada yüz milyonlarla insana təsir edən qeyri-yoluxucu xroniki iltihabi diş əti xəstəlikləridir. Həmin xəstəliklər ilə şəkərli diabetin, xroniki böyrək çatışmazlığının, revmatoid artritin, xərçəngin bəzi növlərinin, erektil disfunksiyasının, hamiləliyin ağırlaşmalarının, ürək-damar xəstəliklərinin və digər xroniki patologiyaların əlaqələrinə həsr olunmuş bir çox elmi-tədqiqat işləri mövcuddur. Bu problemə ictimayətin diqqətini daha yaxından cəlb etmək üçün hər il may ayının 12-də Beynəlxalq Diş Əti Sağlamlığı Günü qeyd edilir. Ölkəmizdə də həmin tarix bu il Avropa Parodontologiya Federasiyasının və Azərbaycan Parodontologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Qanayan diş ətinə yox deyin” şüarı altında qeyd olundu. Azərbaycanda artıq 5 ildir qeyd olunan bu günün məqsədi, xüsusən yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə, insanlarda dişlər və implantlar ətrafında diş əti xəstəliklərinin ciddiyyəti haqqında ictimayəti məlumatlandırmaq, diş əti sağlamlığının qorunub saxlanmasının və erkən diaqnostikasının vacibliyini bildirmək ilə yanaşı hamiləlik, şəkərli diabet və ürək-damar xəstəlikləri arasındaki əlaqələrin əhəmiyyətini gündəmə gətirməkdən ibarətdir.
Bu il COVID-19 pandemiyası səbəbi ilə Avropa Parodontologiya Federasiyası ilə birqə təşkilata üzv olan 50-dən çox ölkənin Parodontologiya Cəmiyyətləri tərəfindən bu günə aid müxtəlif sosial maarifləndirici tədbirlər onlayn olaraq həyata keçirildi. Eyni zamanda Diş Əti Sağlamlığı Gününə həsr olunmuş nəşrlər və video-kliplər ölkəmizdə fəaliyyət göstərən həkimlərə və cəmiyyətin üzvlərinə göndərildi. Həmçinin, webinarlar, sosial media kampaniyaları, instagram və facebookda canlı yayım sessiyaları kimi çox saylı maarifləndirmə tədbirləri də Azərbaycan dilində keçirildi. Bununla bağlı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onlayn ixtisasartırma kursuna cəlb olunan həkim-stomatoloqlara institutun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologıya Cəmiyyətinin prezidenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli tərəfindən “COVID-19 pandemiyası dövründə diş əti sağlamlığı. Ambulator şəraitdə parodont xəstəliklərinin cərrahi müalicəsi” mövzusunda onlayn məruzə oxundu. Seminarın sonunda həkimlər ilə müxtəlif aktual mövzularda interaktiv müzakirələr aparıldı və onları maraqlandıran suallara ətraflı cavab verildi.