Əməkdaşlarımız “Perinatal və neonatal COVİD-19: İnfeksion nəzarət və profilaktika. Müayinə və müalicə” mövzusunda onlayn təlimdə iştirak etdilər
30.04.2020
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in və Uptodate İn Medicine-nin təşkilatçılığı və texniki dəstəyi ilə 28-29 aprel 2020-ci il tarixində “Perinatal və neonatal COVİD-19: İnfeksion nəzarət və profilaktika. Müayinə və müalicə” mövzusunda onlayn təlim keçirildi.
Təcili tibbi yardım həkimi, mama-ginekoloq, ailə həkimi, neonatoloq və pediatrlar üçün keçirilən təlimin əsas məqsədi COVİD-19 xəstəliyinə tutulan yenidoğulmuşlara təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsinin və xəstəyə nəzarətin keyfiyyətini artırmaq, müalicə və müayinənin yeni metod və strategiyalarını izah etmək, mütəxəssislərin əldə etdikləri təcrübələri bölüşmək idi. Təlimdə tibb müəssisələrinin COVİD-19-a hazırlıq məsələləri, təmas, hava və hava-damcı yolu ilə yoluxmanın profilaktik tədbirləri, fərdi qoruyucu vasitələrin istifadəsi, hamiləlik və doğuşun menecmenti mövzuları ətrafinda müzakirələr getdi.
Səhiyyə Nazirliyinin, Ankara Universitetinin Tibb fakültəsinin, Azərbaycan Tibb Universiteti əməkdaşlarının iştirak etdiyi təlimə Ə.Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının dosentləri Mətanət Qaraxanova və Sənubər Vəliyeva da dəvətli idilər.