Koronavirus (COVID-19) infeksiyasının dünyada əhatə dairəsi və coğrafiyasının genişləndiyi şəraitdə bu pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin qorunması istiqamətində dövlətimiz tərəfindən aparılan tədbirlər paketi get-gedə genişlənir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da bu tədbirlərin həyata keçməsi üçün bir çox işlər aparılır. Artıq həkim və orta tibb işçiləri üçün kiçik qruplarda koronavirusla bağlı təhlükəsizlik və biomühafizəyə yönləndirilmiş xüsusi təlim-treninqlər keçirilir və keçiriləcəkdir. Səhiyyə Nazirliyinin tapşırığı ilə institutda virus və ondan qorunma yolları ilə bağlı məlumatlar, əks-epidemik tədbirlər haqqında informasiyaların tibb mütəxəssislərinə onlayn və ya distant şəklində çatdırılması üzərində işlər başa çatmaq üzrədir.
Artıq koronavirusla mübarizə ilə əlaqədar video-mühazirələr hazırlanmış və institutun saytında yerləşdirilmişdir. Maraqlanan hər kəs sayta müraciət etməklə koronavirusun (COVID-19) yayılması, kiniki mənzərəsi, müalicəsi, profilaktikası və əks-epidemik tədbirlər haqqında 5 video-mühazirəyə baxa bilər.