2019-cu ilin fevral ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası” üzrə beşgünlük təlimlər keçirilmişdir. Həmin təlimlərdə ABŞ-dan dəvət olunmuş mütəxəssislər-Viskonsin Tibb Kollecinin plastik cərrahiyyə kafedrasının fəxri professoru David Larson və Oreqon Sağlamlıq və Elm Universitetinin fəxri professoru James D. Smith məşgələlər aparmışlar. Onlar ABŞ-da rezidentura təhsili sistemi, komitə sertifikasiyası, tibbi lisenziya və ixtisas təhsilinin tanınması, o cümlədən digər ölkələrdəki rezidentura təhsili sistemləri haqqında məlumatlar vermişlər.
Bunlarla yanaşı tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası prosesini təkmilləşdirmək məqsədilə Səhiyyə Nazirliyinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və təhsil müəssisələrinin nümayəndələri arasında müzakirələr də aparılmışdır.
Beşgünlük təlimlərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nümayəndə heyəti də iştirak etmişdir.Həmin təlimlərdə əldə olunan məlumatları institut kafedralarının professor-müəllim heyətinə çatdırmaq məqsədilə 16 mart 2019-cu ildə Ə.Əliyev adına ADHTİ-da “Tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası” mövzusunda iclas keçirildi. İclasda terapiya fakültəsinin dekanı dosent Zemfira Quliyeva ətraflı çıxış edərək iştirakçılara sertifikasiya imtahanı proseslərinin müxtəlif növləri (ÇSS, esse, şifahi imtahan, OSKİ və praktik imtahan) və onların müsbət və mənfi cəhətləri, çox seçimli sualların (ÇSS) yazılması qaydaları, onların düzgünlüyünün və etibarlılığının qiymətləndirilməsi, fundamental elm sahələri üzrə sualların yazılması təcrübəsi haqqında məlumat verdi. Verilən məlumatlar ətrafında geniş müzakirələr aparıldı. Sonda təlimdə iştirak etmiş nümayəndə heyəti və institutun Elmi-tədris informasiya şöbəsi tərəfindən hazırlanmış videoçarx nümayış etdirildi.