16-25 sentyabr 2019-cu il tarixində Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası Davamlı Tibbi Təhsil programına uyğun olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasında stomatoloqlar üçün səyyari kurs keçirmişdir. Kursda Lənkəran şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı yaxın bölgələrdən olan həkim-stomatoloqlar da iştirak etmişlər.
Kursun əsas məqsədi müdavimləri stomatologiyanın aktual məsələləri ilə tanış etmək, onların dişlərin və diş əti sağlamlığının qorunub saxlanmasına, ağız boşluğu xəstəliklərinin erkən aşkarlanmasına dair bilik və praktik bacarıqlarının təkmilləşdirilməsi olmuşdur. Dərslərdə eyni zamanda stomatoloji xəstələrdə dişlər və implantlar ətrafında diş əti xəstəlikləri haqqında ictimai məlumatlılığı artırmaq, hamiləlik, şəkərli diabet və ürək-damar xəstəlikləri zamanı qarşıya çıxan problemləri həll etmək yolları araşdırılmışdır.
Dərslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşlərı dosent Cavid Əhmədbəyli və dosent Rəhim Qarayev tərəfindən aparılmışdır.