Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti üzvləri müxtəlif beynəlxalq tədbirlərdə yaxından iştirak edərək əldə olunmuş nailiyyətləri dünya ölkələri alimlərinə mütamadi çatdırırlar. 28.06 - 04.07.2019-cu il tarixində Brüssel şəhərində keçirilən Avropa Qulaq-burun-boğaz və Baş-boyun cərrahlığı konfederasiyasının (CEORLHNS) konqresində ölkəmizi təmsil edən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının dosenti Ramil Həşimli "Care of professional voice" panelində "Müğənnilərdə rast gəlinən səs problemləri və onlara yanaşma metodları" başlıqlı məruzə ilə çıxış etmiş və Avropalı səs həkimlərinə Azərbaycan muğamının incəliklərindən danışmışdır.Səsləndirilmiş muğam parçalarına tibbi professional nəzərlə baxan iştirakçılar özləri üçün yeni məlumatlar əldə etmişlər. Məruzə və muğam olduqca maraqla qarşılanmışdır.
Hələ də işini davam etdirən konqresdə ölkəmiz daha bir uğura imza atmışdır. Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti Avropa Qulaq-burun-boğaz və Baş-boyun cərrahlığı konfederasiyasının tam hüquqlu üzvü seçilmişdir. Bu, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin sədri, Ə.Əliyev adına ADHTİ-nin otorinolarinqologiya kafedrasının müdiri professor Nazim Hüseynov başda olmaqla cəmiyyət üzvlərinin apardığı gərgin əməyin nəticəsidir.Konqresdə təbriklərlə çıxış edən Avropanın tanınmış otorinolarinqoloqları bu hadisənin Azərbaycan üçün xeyirli olacagına əmin olduqlarını qeyd etmişlər.