2019-cu ilin aprel ayında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ailə təbabəti kafedrası Qazax MRX-da "Ailə həkimi praktikasında qeyri-infeksion xəstəliklər" mövzusunda səyyari kurs keçirdi. Kursda Qazax rayon Mərkəzi Xəstəxanasının həkimləri ilə yanaşı Qazax Müalicə Diaqnostika Mərkəzində və qonşu rayonlar olan Agstafa, Tovuz, Şəmkir rayon Mərkəzi Xəstəxanalarında çalışan 66 həkim iştirak etmişdir. Kursun əsas məqsədi müdavimlərin qeyri-infeksion xəstəliklər sahəsində praktik bacarıqlarının təkmilləşdirilməsi olmuşdur. Dərslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ailə təbabəti kafedrasının müdiri, professor Səadət Mahmudovanın rəhbərliyi ilə kafedranın professor-müəllim heyəti tərəfindən aparılmışdır.
Eyni zamanda kafedra əməkdaşlarının Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşü də olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı kursun təşkilinə görə öz minnətdarlıgını bildirmişdir. Bundan başqa kafedranın assistenti Şəfayət Verdiyevanın Rəcəb Babaşovla birgə sərhəd zonasında yaşayan əhali ilə görüşü də baş tutmuşdur.
Kursun sonunda kafedranın müdiri, professor Səadət Mahmudova kursda iştirak edən bütün müdavimlərə müəllifi oldugu "Ailə həkimi praktikasında tənəffüs üzvlərinin və agciyər xəstəliklərinin diaqnostikası" kitabını hədiyyə etmişdir.