Ə.Əliyev adına ADHTİ-da “Müqəddəs Ramazan ayında xroniki qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir

16.04.2019

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir. Orucluq dövründə insan dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Məlumdur ki, Müqəddəs Ramazan ayında oruc tutan şəxslərdə xroniki xəstəliklərin kəskinləşməsi baş verə bilər. Bu zaman həmin şəxslər orucu dayandırmaq məcburiyyətində qalırlar. Xroniki xəstəlikləri olan şəxslərə profilaktik yardım göstərmək və onlara oruclarını davam etdirməyə köməklik göstərmək özü də savab bir işdir. Praktik həkimlərə bu məsələlərin həll edilməsi yollarını göstərmək məqsədilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Müqəddəs Ramazan ayında xroniki qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir. Konfrans 2019-cu ilin aprel ayının 26-da saat 13:00-da institutun akt zalında baş tutacaqdır. Konfransda “Müqəddəs Ramazan ayında şəkərli diabetin idarəolunması”, “Müqəddəs Ramazan ayında ürək-damar xəstəliklərinin idarəolunması”, “Müqəddəs Ramazan ayında ağciyərlərin qeyri-infeksion xəstəliklərinin idarəolunması”, “Müqəddəs Ramazan ayında ürək çatışmazlığının idarəolunması”, “Müqəddəs Ramazan ayında həzm sistemi xəstəliklərinin idarəolunması” və “Müqəddəs Ramazan ayında bəzi endokrin xəstəliklərinin idarəolunması” mövzularında çıxışlar olacaqdır.
Bu profillər üzrə çalışan həkimlər konfransda iştirak etməyə dəvət olunurlar.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX