9-10 Fevral 2018-ci il tarixlərində İtalyanın Milan şəhərində Vita-Salute San Raffaele Universitetində İtalya Parodontologiya Cəmiyyətinin həmtəşkilatçılığı ilə “Dişlər və implantlar ətrafında yumşaq toxuma cərrahiyyəsi” mövzusunda 2-ci Beynəlxalq Parodontoloji Simpozium (https://www.simposiotessutimolli.it) keçirilmişdir. Simpozium iştirakçılarına dişlər və implantlar ətrafında parodontoloji konservativ və cərrahi müalicənin bioloji əsaslandırılması, həmçinin yumşaq toxuma rekonstruksiyasında uğurlu və sabit nəticələrə nail olmaq üçün ən son cərrahi üsullar haqqında yeniliklər təqdim olunmuşdur. Keçirilən bu tədbir İtalya Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunmuşdur.
Simpoziumda ölkəmizi Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə institutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Cavid Əhmədbəyli təmsil etmişdir. Simpoziumun gedişində Fransa, İsveç, Braziliya, İsveçrə, Italiya, Macarıstan və Türkiyədən olan məruzəçilər və həmkarlar ilə bir çox görüşlər keçirilmiş, 2018-ci ilin noyabrında Azərbaycan Parodontologiya Cəmiyyəti tərəfindən Bakıda keçiriləcək “EstePerio2018” 3-cü Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi haqqında məlumat verilmişdir. Görüşlərdə eyni zamanda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası və Azərbaycan Parodontologiya Cəmiyyəti ilə mövcud əlaqələrin inkişafı və perspektiv planları müzakirə edilmişdir.