Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirildi

20.04.2023

Görkəmli alim akademik Zərifə xanım Əliyevanın anadan olmasından 100 il keçir. Ən yüksək keyfiyyətlər - səmimilik, alicənablıq, qayğıkeşlik, birinci növbədə özünə, daha sonra ətrafdakılara qarşı tələbkarlıq, sözü ilə işinin birliyi, xalqına və Vətəninə sönməz məhəbbət Zərifə xanım Əliyevaya xas cəhətlər idi. Zərifə xanım istedadlı və gözəl bir ailədə-görkəmli dövlət xadimi, Azərbaycanın böyük səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində anadan olmuşdur. Bu böyük insanın əksər xüsusiyyətləri qızı Zərifə xanıma da xas idi.
Zərifə xanım Əliyevanın şərəfli ömrünün bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olmuşdur. Beləki, o həmin institutun oftalmologiya kafedrasının müdiri vəzifəsində çalışmış və həkimlik, elmi və pedaqoji fəaliyyəti ilə institutun adını yüksəltmişdir.
19 aprel 2023-cü il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirildi. Konfransı giriş sözü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor N.A.Qasımov açdı. Rektor qeyd etdi ki, Zərifə Əziz qızı Əliyeva 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirdikdən sonra Moskva şəhərində Helmhols adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçmiş, öz əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda ordinator vəzifəsindən başlamışdır.
Keçən əsrin 40-50-ci illərində Azərbaycanın bir çox cənub rayonlarının əhalisi arasında traxoma xəstəliyi geniş yayılmışdı. Z.Ə.Əliyeva traxomaya qarşı aparılan bütün işlərdə fəal iştirak etmişdir. Zəngin materialın ümumiləşdirilməsi və təhlili 1959-cu ildə Z.Ə.Əliyevanın «Traxomanın sintomisin ilə və ona uyğunlaşdırılmış digər terapevtik üsullarla müalicəsi» namizədlik dissertasiyasının müdafiəsi ilə nəticələnmişdir.
Z.Ə.Əliyeva 60-cı illərdə dünya təcrübəsində birincilər sırasında görmə üzvünün peşə xəstəlikləri problemi üzrə geniş elmi axtarışlara başlamışdır. O vaxtlar sənaye zərərlərinin görmə orqanına toksik təsirinin öyrənilməsinə bir sıra elmi əsərlər həsr edilsə də, kimya istehsalının müxtəlif inqrediyentlərinin görmə orqanlarına təsiri az işıqlandırılmışdır. Kimya istehsalının bəzi yeni sahələri ilə əlaqədar olan peşə xəstəlikləri xüsusilə az öyrənilmişdi. Kimyəvi maddələrin uzun müddətli kompleks təsiri nəticəsində orqanlarda distrofik, proliferativ proseslər əmələ gəlir. Bir çox inkişaf etmiş ölkələrdə şin və yod istehsalı yüksək səviyyədə olsa da, bu sahələrdə istehsal tullantılarının görmə orqanına toksik təsirinin öyrənilməsinə aid müfəssəl işlər yox idi. Zərifə xanım Əliyevanın elmi tədqiqatlarının əsas istiqamətlərindən biri də məhz yod və şin sənayesinin zərərli təsirlərindən gözün zədələnməsinin öyrənilməsi olmuşdur. Dünya ədəbiyyatında bu fundamental tədqiqatın analoqu yoxdur. Bü problem yzrə Z.Ə.Əliyevanın elmi tədqiqatlarının nəticələri haqda dərc olunmuş 30-dan çox elmi işdə tetraxloretilen, pestisid, stirol buxarlarının orqanizmə xroniki təsiri zamanı görmə üzvünün və onun funksiyalarının vəziyyəti əks etdirilir. Məhz bu dövrdən başlayaraq Zərifə xanımın elmi axtarışlarının əsas mövzusu Azərbaycanın kimya sənayesinin bəzi sahələrində çalışan fəhlələrin görmə orqanının vəziyyətini tədqiq etmək olmuşdur. Bu tədqiqatlar zərərlərin patogen təsirinin biokimyəvi mexanizminin bir çox tərəflərini aydınlaşdırmağa imkan vermişdir və 1976-cı ildə Z.Ə.Əliyeva «Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1979-cu ildə keçmiş İttifaqda ilk dəfə olaraq akademik Zərifə xanım Əliyevanın şəxsi təşəbbüsü və iştirakı ilə istehsalatla elmin vəhdəti olan Bakı məişət kondisionerləri zavodunda Respublika Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya institutun peşə patologiyası üzrə problem laboratoriyası yaradılmışdır. Z.Ə.Əliyeva uzun illər ona rəhbərlik etmişdir. Burada müxtəlif kimyəvi maddələrin və istehsalat tullantılarının görmə üzvünə xroniki təsirinin mexanizmləri öyrənilmiş, bu təsirə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar böyük müvəffəqiyyətlər qazanılmışdır.
Z.Ə.Əliyeva və onun tələbələrinin elmi fəaliyyətinin xüsusiyyətini əməkdaşların möhkəm nəzəri hazırlığı üzərində qurulan klinik təcrübə təşkil edirdi. Onun çox istiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, 150-yə yaxın elmi iş, bir ixtira və 12 səmərələşdirici təklifdə öz əksini tapır. Belə çoxşaxəli axtarışları aparmaq məhz Z.Ə.Əliyeva kimi böyük alim və klinisistə qismət ola bilər. Məsələ yalnız göz xəstəliklərinin müxtəlif bölmələrini əhatə edən elmi işlərdən deyil, problemin həllinə xüsusi yanaşmadan ibarətdir. Bu xüsusiyyət Zərifə xanımın aktiv surətdə inkişaf etdirdiyi yaradıcılıq birliyini əks etdirən faktlarda sübutunu tapır.
Z.Ə.Əliyevanın elmi fəaliyyətinin uzun dövrü Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun oftalmologiya kafedrası ilə bağlı olmuşdur. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyır. Həmin dövrdə Zərifə Əziz qızı göz xəstəlikləri üzrə ixtisaslaşma və təkmilləşdirmə kurslarının həkim-dinləyiciləri ilə pedaqoji iş aparmaqla yanaşı həkimlik fəaliyyəti ilə də məşğul idi. Bu vaxtlar yaradılmış gözün peşə patologiyasına həsr olunmuş “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası şəraitində gözün patologiyası”, “Yod istehsalında gözün peşə xəstəliklərinin profilaktikası”, “Görmə üzvünün peşə xəstəlikləri” adlı monoqrafiyalarına və digər əsərlərinə görə o, dünyanın ən görkəmli alimləri arasında layiqli yer tutmuşdur.
1980-ci ildə professor Z.Əliyevaya elmi xidmətlərinə və elmi-pedaqoji kadrların hazırlanmasına görə «Azərbaycanın əməkdar elm xadimi» fəxri adı verilmişdir. 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işlərinə, o cümlədən «Rezin istehsalında gözün peşə patologiyası» monoqrafiyasına görə Z.Əliyeva SSRİ Elmlər Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Bu, professor Z.Əliyevanın elmi xidmətlərinə verilən qiymət idi.
Görmə üzvünün peşə patalogiyası problemləri ilə yanaşı Z.Ə.Əliyeva oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparırdı. Bu tədqiqatların nəticəsində “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri”, “Terapevtik oftalmologiya” və başqa monoqrafiyalar çap edilmişdir.
1982-ci ildə Z.Ə.Əliyeva Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə seçildi. Burada o, bir sıra yüksəkixtisaslı elmi kadrları hazırlamışdır. Kafedra müdiri kimi Z.Ə.Əliyevanın praktik həkimlik işini xüsusi qeyd etmək lazımdır. Onun iştirakı ilə keçən klinik araşdırmalar, xəstələrin yoxlamaları və konsiliumlar gənc həkimlərin təkmilləşdirilməsində əhəmiyyəti rol oynamışdır.
Z.Ə.Əliyeva bütün ömrü boyu tibb elminin və səhiyyənin ön sıralarında olmuşdur. O, keçmiş İttifaqın Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, “Bilik” Ümumittifaq cəmiyyətinin idarə heyətinin üzvü, Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin rəyasət heyətinin üzvü, “Вестник офтальмологии” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Z.Ə.Əliyevanın əvəzsiz xidmətlərinin etirafı kimi 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi, orden və medallarla təltif edilməsi olmuşdur. 2001-ci ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu akademik Z.Ə.Əliyevanın adını daşıyır. Görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım bacarıqlı ailə başçısının qüdrətli dövlət başçısı kimi mənsub olduğu xalqı işıqlı ideallara qovuşdurmaq yollarındakı qətiyyətli mübarizəsinə etibarlı dayaq olmuşdur. Oğlu İlham Əliyevin parlaq, işıqlı Vətən övladı kimi tərbiyə olunmasında da cəmiyyətşunaz göz həkiminin, ziyalı Azərbaycan qadınının əvəzsiz rolu minnətdarlıqla qeyd olunmalıdır.
Çıxışının sonunda rektor professor Nazim Qasımov qeyd etdi ki, Ə.Əliyev adına ADHTİ-nun professor-müəllim heyəti minnətdarlıq hissi ilə Z.Ə.Əliyevanı yad edir, onun xatirəsi qarşısında baş əyir. O, öz yaradıcılıq enerjisi ilə instituta hərarət vermiş və sonrakı inkişafını müəyyən etmişdir.
Sonra Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini professor İlqar Qasımov çıxış edərək bildirdi ki, Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxmışdır. O, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən akademik olub. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışmışdı və onun bir həkim kimi səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlər, o cümlədən, bir qadın və ana kimi ideal olması və digər onun haqqındakı əbədi xatirələr xalqın yaddaşında daim yaşayır. Zərifə xanım Əliyevanın adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, məhz bütün keyfiyyətlərinə görə hər zaman, hər kəs tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad edilir.
Ə.Əliyev adına ADHTİ-nun oftalmologiya kafedrasının professoru Rasim Hacıyev çıxış edərək Zərifə xanım haqqında xatirələrini konfrans iştirakçıları ilə bölüşdü.
Azərbaycan Milli Məclisinin deputatı İlham Məmmədov çıxış edərək akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji nailiyyətlərindən danışdı və Azərbaycanda son zamanlar səhiyyənin inkişafında baş verən müsbət dinamika haqqında məlumat verdi,konfransın işinə müvəffəqiyyətlər arzuladı.
Sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirildi.
Fasilədən sonra konfrans öz işini iki gün ərzində 3 plenar iclasda Azərbaycan və xarici ölkələrdən dəvət olunmuş alimlərin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş 35 sayda çıxışlar ilə davam etdirdi, tibb elminin aktual məsələləri haqqında məruzələr dinlənildi. Həm əcnəbi, həm də Azərbaycan alimlərinin təbabətin müxtəlif sahələrində əldə etdikləri nailiyyətlərə həsr olunmuş bütün çıxışlar dinləyicilər tərəfindən maraqla qarşılandı və mövzular ətrafında çoxsaylı diskussiyalar aparıldı.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



TƏDRİSİN KEYFİYYƏTİNİN MÜDAVİMLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX